Tehran sərhəd olayından niyə narahatdır? – İranlı generalların Yerevan səfərinin detalları
15:56 / 20.05.2021
2603
Dünən İranın bir qrup yüksək rütbəli hərbçisi
Ermənistana gedib. Məlumata görə, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan
sərhədindəki gərginliklə bağlıdır. Digər tərəfdən bir neçə gün əvvəl İran
parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba
Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İranın bölgədəki
hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğulamışdı.
"Əgər Ermənistan ərazilərinin bir hissəsini
almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni, yeni bir problemimiz
olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla
ortaq sərhədi qorunmalıdır”, – deyə Mojtaba Zolnuri deyib.
Maraqlıdır, Tehranın narahatlığına səbəb nədir?
Yaxud, Azərbaycan-İran münasibətləri gərginləşə bilərmi?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə
Sfera.az-a açıqlamasında deyib ki, ümumiyyətlə işğalın davam etdiyi son 30 il ərzində
İranın Qarabağ məsələsində Azərbaycana qarşı mövqeyi birmənalı olmayıb:
"İran münaqişənin həll olunmamış qalmasını istəyirdi.
Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanla sərhəddə demarkasiya və
delimitasiya prosesi aparması, həmçinin Zəngəzur dəhlizinin açılması İranı
narahat edir. Çünki belə olduğu halda, bu ölkənin Ermənistanla birbaşa sərhəd əlaqəsi
müəyyən qədər kəsilir. Ona görə də Tehran Zəngəzur dəhlizinin işə düşməməsinə
çalışır.
Günay Rəsulqızı