Sərt karantin bitən kimi devalvasiya... - Dollar satışındakı məhdudiyyət buna hesablanıb?

13:29 / 20.05.2021
3146
2020-ci ilin martından sonra kommersiya banklarından nağd formada 20
min manat ekvivalentində xarici valyuta almış şəxslərə valyuta satışı hələ də bərpa
edilməyib. Buna əsas kimi nağd formada valyuta satışı limitinin aşılması göstərilir.
Sfera.az xatırtladır ki, 2009-cu ildə qəbul edilən ”Cinayət yolu ilə əldə
olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əsasən nağd
formada valyuta satışı ilk dəfə olaraq məhdudlaşdırılıb. Bir şəxs il ərzində 20
min manata bərabər olan xarici valyutanı nağd şəkildə ala bilər. Bundan artıq
olan məbləğ isə Maliyyə Monitorinq Mərkəzindən icazə verildikdən sonra satılır.
Qanunun mahiyyətindən irəli gələrək, bir şəxsin ildə bir dəfə nağd
formada 20 min manata qədər xarici valyutanı qiymətləndirmə olmadan almaq hüququ
var. Bu limit aşıldıldıqda, şəxsin məlumatları Maliyyə Monitorinq Mərkəzindən
xüsusi qiymətləndirmədən keçirilir.
Banklara müraciət edən şəxslərin bildirdiyinə görə, 2020-ci ilin
martından bir il müddətin ötməsinə baxmayaraq, limit hələ də yenilənməyib və ötən
ilin martından bəri 20 min manat dəyərində xarici valyuta alanlara valyuta
satışı həyata keçirilmir.
Qaydalara əsasən, bu məbləğ aşıldıqdan sonra xarici valyuta alışına
görə "Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan
edilməsi Anketi”doldurulmalıdır. Məbləğ 20 min manatı ötdükdə, Anketdə bəyan
edilən vəsaitin mənbəyi konkret sənədlərlə təsdiqləməlidir. Bu sənədlər Maliyyə
Monitorinq Mərkəzində yoxlanılır. Əgər şəxs vəsaitin mənbəyini göstərə bilmirsə,
ona ya xarici valyuta satılmır, ya da vəsaitin 14 faizi qədərində gəlir vergisi
ödənilməsi istənilir.
Kommersiya banklarında tətbiq olunan 20 min manat limitinin yenilənməməsi
Mərkəzi Bankın istəyidir. Mərkəzi Bankın tələbi olmadan kommersiya bankları bu
addımı ata bilməz.
Bəs, Mərkəzi Bank hansı səbəbdən, nə məqsədlə hələ də böyük məbləğdə
dollar satışına imkan yaratmır?
Mərkəzi Bankın bir şəxsə daha çox dollar satışını məhdudlaşdırmasını
yaxın zamanlarda gözlənilən maliyyə risklərinə hazırlıq kimi dəyərləndirmək
olar. İnzibati yollarla dollara və digər əsas valyutalara tələbin zəiflədilməsində
əsas məqsəd postpandemiya dövrünə hazırlıqdır. Mərkəzi Bank həmin dövr üçün
daha çox dollar ehtiyatı yaratmaq istəyir.
Pandemiyanın başa çatmasından sonra dollara tələbdə artımın baş verəcəyi
yəqindir. İqtisadi aktivliyin artması əhalinin gəlirini artıracaq və insanlar
daha çox yığım imkanı qazanacaq. Eyni zamanda, sərhədlərin açılması xaricə turist
səfərlərinin sayını artıracaq, xaricə səfər edən fiziki şəxslər istirahətlə bərabər,
xırda ticarət əməliyyatları da həyata keçirəcək.
Bütün bu dəyişikliklər dollara tələbi xeyli dərəcədə artıracaq və
yenidən devalvasiya riskini yaradacaq. Dollar satışına tətbiq edilən 20 min manat limitinin "sıfır”lanmaması
məhz bu baxımdan təsadüfi deyil.
Hamıya məlumdur ki, ölkəmizdə dollar alışı kütləvi olsa da satılan
valyutanın böyük hissəsini əhalinin yüksək gəliri olan seqmenti alır. Yüksək gəlirli
insanlar üçün 20 min manat (11 764 dollar) ekvivalentində dollar böyük məbləğ
deyil və onların davamlı dollar almaq imkanı var. Limitin sıfırlanmaması ilə Mərkəzi
Bank əslində gəliri yüksək olan insanların davamlı dollar alışının qarşısını almaq
məqsədi daşıyır.
Vasif