Azərbaycanda “əlyandıran” dondurmalar – Bahalaşmanın səbəbi nədir?

Azərbaycanda “əlyandıran” dondurmalar –  Bahalaşmanın səbəbi nədir?
Bu il Azərbaycanda dondurma qiymətləri əvvəlki illə müqayisədə xeyli yüksəkdir. 

Bazar araşdırmalarına əsasən, mayda 500 qramlıq dondurmanın orta qiyməti 5,9 manata yüksəlib. Qiymət artımı həm yerli, həm də idxal məhsullarında müşahidə edilib. Belə ki, 500 qramlıq yerli dondurmanın orta qiyməti 4,1 manata, idxal dondurmanın orta qiyməti 8,32 manata yüksəlib. 

Sfera.az xatırladır ki, ötən ilin mayında 500 qramlıq dondurmanın orta qiyməti 5,5 manat idi. Həmin tarixdə yerli dondurma 3,85 manata, idxal dondurması 7,85 manata satılırdı. 

Müqayisə göstərir ki, bu il dondurmanın orta qiyməti 0,4 manat (7,3 faiz), yerli dondurmanın qiyməti 0,25 manat (6,5 faiz), idxal dondurmanın qiyməti 0,47 manat (5,98 faiz) artıb.

Azərbaycanda dondurmanın bahalaşmasının səbəbi dondurma istehsalında istifadə edilən məhsulların bahalaşmasıdır. 

Dondurma istehsalında istifadə edilən əsas məhsul süddür. Son bir ildə südün qiyməti 0,89 manatdan 0,96 manata yüksəlib. Bir il ərzində südün dəyərində 7,8 faiz artım baş verib. 

Dondurma istehsalında istifadə edilən şəkər tozunun da qiyməti yüksəlib. Bir il ərzində şəkər tozunun qiyməti 20 faizdən çox artaraq 1,3 manata çatıb. 

Qiymət artımına təsir edən digər amil şokoladın bahalaşmasıdır. Bir ildə şokolad qiymətlərində 6 faizə yaxın artım var. 

İstehsalında istifadə edilən 3 əsas aralıq məhsulun bahalaşması dondurma qiymətlərinin nəzərəçarpacaq səviyyədə yüksəlməsi ilə nəticələnib.

Rəsmi məlumatlara əsasən, 2020-ci ildə Azərbaycana 1129 ton dondurma idxal edilib, ölkəmizdə isə 829 ton dondurma istehsal olunub.

Vasif
Sfera.az
   


OXŞAR XƏBƏRLƏR