Nərimanov Rayon İcra Hakimiyyətində Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib - FOTO

16:17 / 19.05.2021
2092
Mayın 19-unda Nərimanov Rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurasının hesabat
yığıncağı keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi
önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını salamladıqan sonra uğurlu
daxili və xarici siyasət aparan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli
Milli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında
olan torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə
qürur duymasından söz açmışdır. Respublika ağsaqqallarının ölkəmizin
ictimai-siyasi həyatında mühüm yer tutması xüsusi vurğulanmış, ağsaqqalların həmişə
gənclərə örnək olmaqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etməsindən
söhbət açılmışdır. Qeyd edilmişdir ki, onlar hər zaman rayonun bütün tədbirlərində
diqqət mərkəzində saxlanılmış, qayğı ilə əhatə olunmuşlar. Pandemiya dövründə də
rayon rəhbərliyi daim ağsaqqalların yanında olmuş, bu gün də eyni diqqəti göstərməkdədir.
44 günlük Vətən müharibəsi dövründə ağsaqqallarımız vətənpərvərlik təbliğatını
daha da genişləndirmiş, Vətən müharibəsində Nərimanov rayonundan olan şəhidlərimizin
ilk günlərindən yanlarında olmuş, onlara hər cür mənəvi dəstək göstərmişlər. Nərimanov
Rayon Ağsaqqallar Şurası tərəfindən Prezidentimizin tövsiyə və tapşırıqlarının
yerinə yetirilməsi sahəsində də ağsaqqallarımızın qarşısında duran vəzifələr
uğurla yerinə yetirilməkdədir.
Daha sonra Respublika Ağsaqqallar Şurası sədrinin
müavini, Milli Məclisin deputatı Eldar İbrahimov ağsaqqalları salamladıqdan
sonra tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etmişdir.
Gündəlikdə
duran məsələlər müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir. Hesabatda rayon Ağsaqqllar Şurasının İdarə Heyəti və Təftiş
Komissiyasının üzvləri seçilmişdir.
"Vətən Müharibəsi Qəhrəmanı", şəhid Hümbətov Azad Arif oğlunun atası Hümbətov
Arif Məhəmmədəli oğlu yekdilliklə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə
seçilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə tank
bölüyü komandiri, baş leytenant Hümbətov Azad Arif oğlu "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Seçkilərdən sonra Eldar İbrahimov
Respublika Ağsaqqallar Şurasının tövsiyələrini və qarşıda duran vəzifələri tədbir
iştirakçılarının nəzərinə çatdırmış, yeni seçilən heyətə işlərində uğurlu fəaliyyət
arzulamışdır.
Daha sonra Şura üzvləri qarşıda duran cari məsələri müzakirə etmiş, bir sıra qərarlar verilmişdir.
Yığıncağa Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev yekun vuraraq Vətən müharibəsi nəticəsində əldə edilən
böyük Zəfər münasibətilə toplantı iştirakçılarını və yeni seçilmiş üzvləri seçilmələri
münasibətilə təbrik etmişdir.