Azərbaycanda ikinci ali təhsilə maraq çoxalıb - SƏBƏBLƏR

Azərbaycanda ikinci ali təhsilə maraq çoxalıb - SƏBƏBLƏR
Son illər Azərbaycanda ikinci ali təhsilə maraq çoxalıb. Daha yaxşı iş arzusunda olanlar və bəzən də bir işlə kifayətlənməyənlər adətən ikinci ali təhsil almağa üstünlük verirlər.  
 
Təhsil eksperti Nadir İsrafilov Sfera.az-a açıqlamasında deyib ki, ölkədə "oxumaq heç vaxt gec deyil” prinsipindən çıxış edərək, hətta yaşlıların təhsilinin təşkilinə belə heç bir məhdudiyyət qoyulmur:
  
"Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür. Əlavə təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.

Yaşlıların təhsilinin məqsədi yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir. Bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir”.

Ekspert bildirib ki, Azərbaycanda ikinci ali təhsil almaq istəyən, xüsusilə ixtisas dəyişmək istəyən insanların artımı müasir çağırışlara adekvat bir tendensiyadır:

"Mövcud Qanunvericiliyə görə əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. 

Hazırda ölkəmizdə 50-60 yaş arasında tələbəlik həvəsində olanların sayı  da kifayət qədərdir.  Bunlar əsasən qarşısına ikinci diploma, əlavə peşəyə yiyələnmək məqsədi qoyanlardır. İkinci ali təhsil almaq istəyən, xüsusilə ixtisas dəyişmək insanların çoxluq təşkil etməsi müxtəlif səbəblərlə əlaqədardır. Burada ilkin yanlış seçimlər, yeni ixtisasların yaranması, əmək bazarının tələbləri, ikili diploma sahib olmaq istəyi və s. bir çox səbəblər var. Səbəblərin müxtəlifliyindən asılı olmayaraq əlavə təhsil və ixtisasartırma heç vaxt gec deyil”.

Günay Rəsulqızı
Sfera.az









OXŞAR XƏBƏRLƏR