Avtomobil ehtiyat hissələrinin idxalı niyə artır? – Milyonlarla dollar xərclənir...

13:53 / 19.05.2021
2584
Azərbaycana 2021-ci ilin yanvar-aprel ayları ərzində avtomobil ehtiyat hissələrinin idxalında ciddi artım qeydə alınıb. İlk 4 ayda ölkəmizə 67,43 milyon dollar dəyərində ehtiyat hissəsi idxal edilib və bu məbləğ 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 19 milyon dollar, yaxud 38,74 faiz çoxdur. Ötən ilin ilk 4 ayında avtomobil ehtiyat hissələrinin idxal dəyəri 48,6 milyon dollar olmuşdu.
Sfera.az bildirir ki, 2020-ci ili nəzərə almasaq, son illərdə avtomobil ehtiyat hissələrinin idxalına çəkilən xərc artır. Ehtiyat hissələrinin idxalına 2012-ci ildə 93 milyon dollar xərcləndiyi halda 2014-cü ildə 103,5 milyon dollar, 2018-ci ildə 167,3 milyon dollar, 2019-cu ildə 206,4 milyon dollar xərclənib.
2020-ci ildə Covid-19 virusunun yayılması ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi avtomobillərdən istifadə intensivliyini zəiflədib. Avtomobillərdən az istifadə edilməsi, qısa məsafələrə səfərlər edilməsi ehtiyat hissələrinə tələbi azaldıb. Bu səbəbdən ötən il ehtiyat hissələrinin idxal dəyəri 162,4 milyon dollara düşüb.
Ötən il idxal dəyərinin azalmasına dünyada əmtəə qiymətlərinin enməsi də təsir göstərmişdi.
Bəs, ümumilikdə avtomobillərin ehtiyat hissələrinin idxalının sürətlə artmasının səbəbi nədir?
Səbəbləri 2 qrupa bölmək olar. Birinci və ən əsas səbəb avtomobil parkının köhnəlməsidir. 2019-cu ilin məlumatına əsasən, ölkəmizdə 1,407 milyon ədəd avtomobil olub. Avtomobillərin 78,4 faizinin istehsal tarixi 10 ildən çox olan nəqliyyat vasitələridir. İstehsal tarixindən 5-10 il ötən avtomobillərin payı 17,5 faiz, 5 ilə qədər olan avtomobillərin payı isə 4,1 faizdir.
2012-ci ildən 2020-ci ilə qədər ehtiyat hissələrinin idxalına xərclənən vəsait 113,4 milyon dollar və ya 2,22 dəfə artıb. Artıma daha çox avtomobillərin köhnəlməsi səbəb olub. Belə ki, 2012-ci ildə avtomobillərin 60 faizinin istehsal tarixi 10 ildən yüksək idi. Yeddi il ötəndən sonra istehsal tarixi 10 ili ötən avtomobillərin payı 18 faizdən çox artıb.
Avtomobillərin köhnəlməsi onların ehtiyat hissələrinin yenilənməsi zərurətini də artırır. Buna görə də daha çox ehtiyat hissəsinə tələb yaranır.
Ehtiyat hissələrinin idxal xərcinin artmasının ikinci səbəbi qlobal əmtəə qiymətlərinin yüksəlməsi və gömrükdə idxal mallarına tətbiq edilən gömrük dəyərinin artırılmasıdır. Bu amillər də idxala çəkilən xərci artırır.
Mövcud şərtlərə əsaslanaraq deyə bilərik ki, ehtiyat hissələrinin idxalında artım qarşıdakı illərdə də davam edəcək. İdxal xərclərindəki artımın zəiflədilməsi üçün müəyyən tədbirlər görmək olar. Bu məqsədlə köhnə avtomobillərin idxalını çətinləşdirmək və mövcud avtomobillərin utilizasiyasını həyata keçirmək lazımdır.
Vasif
Sfera.az