Apreldə Azərbaycanın ixracı kəskin artıb

İqtisadiyyat
16:47 / 17.05.2021
2158
2021-ci ilin aprelində Azərbaycanın ixracı əvvəlki aylarla müqayisədə kəskin şəkildə artaraq 2,22 milyard dolları ötüb.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu il ən yüksək ixrac yanvarda olmuşdu. İlk ayda xarici bazarlara 1,623 milyard dollarlıq satış həyata keçirilmişdi. Apreldə qeydə alınan göstərici ilk aydakı nəticədən 600 milyon dollar, yəni 37 faiz yaxşıdır.
Apreldəki nəticə də nəzərə alınmaqla Azərbaycanın 4 aylıq ixracı 6,364 milyard dollar olub. Bu dövrdə idxal 3,528 milyard dollar, xarici ticarət kəsiri müsbət 2,835 milyard dollar təşkil edib.
Ötən ilin yanvar-aprel dövrü ilə müqayisədə ixracımız 58 milyon dollar (0,95 faiz), idxalımız 146 milyon dollar (4,3 faiz) artıb. İdxaldakı artımın böyük olması hesabına bu ilin yanvar-aprelində xarici ticarət saldosunun həcmi 89 milyon dollar azalıb.
İxracımızın 89 faizi neft-qaz sektoruna aid olan mallardan, 11 faizi qeyri neft-qaz sektoruna aid olan mallardan ibarətdir.
Vasif
Sfera.az