“Azərbaycan “Xarıbülbül” musiqi festivalı ilə dünyaya bu mesajları verdi” - Açıqlama

“Azərbaycan “Xarıbülbül” musiqi festivalı ilə dünyaya bu mesajları verdi” - Açıqlama
Şuşada keçirilən "Xarıbülbül” festivalını təkcə mədəni tədbir olaraq dəyərləndirmək, Azərbaycanın mənəvi zənginliyin nümayiş etdirilməsi kimi təqdim etmək doğru olmaz. Belə yanaşma hardasa tədbirin əhəmiyyətini nisbətən azaltmaq demək olacaq. Bu tədbirin böyük siyasi əhəmiyyəti vardır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Şuşada keçirilən "Xarıbülbül” festivalının əhəmiyyətindən danışarkən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov deyib. Onun sözlərinə görə, Azərbaycan "Xarı bülbül” festivalı ilə dünyaya bir sıra mesajlar ünvanladı:

"Birinci mesaj odur ki, Azərbaycanda yaşayan bütün xalqlar bərabərdir. Onların etnik mədəniyyətlərinin qorunması və inkişafına Azərbaycan dövləti hər cür qayğı göstərir.  Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Vətən müharibəsində əldə etdiyimiz qələbənin bir səbəbi də ölkəmizdə etnik və vətəndaş birliyinin yüksək səviyyədə olması, dövlətimizdə yaşayan bütün xalqlar və din nümayəndələrinin Vətənin azadlığı uğrunda mübarizədə fəal iştirakıdır”.

Həmsöhbətimiz qeyd etdi ki, festival Azərbaycanda multikulturalizm mühitinin, etnik-dini rəngarəngliyin yüksək səviyyədə olduğunu göstərən bir tədbir idi: "Tədbir həmçinin Ermənistan və onun havadarlarına yönəlik mesaj idi. Son 30 il ərzində bədnam qüvvələrin Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq səylərinin puç olduğunu, əksinə, ölkəmizdə yaşayan xalqlar arasında birliyin, qarşılıqlı hörmətin daha da möhkəmləndiyini dünyaya göstərdi”. 
 
A. Qurbanova görə, festivaldan irəli gələn mesajlardan biri də Azərbaycanın öz mədəni irsini qoruması, inkişaf etdirməsindən ibarət olub: "İşğaldan azad olunmuş ərazilərdə minlərlə tarixi abidələrimiz var ki, onun da əsas hissəsi ermənilər tərəfindən dağıdılıb. Festival dövründə Azərbaycan Prezidentinin Şuşada tikiləcək əzəmətli məscidin layihəsini nümayiş etdirməsi, burada azan səsinin səslənməsi bir daha göstərdi ki, ölkəmiz Qarabağın həqiqi sahibi kimi öz hüquqlarını orada tam bərpa edəcək”.

Ekspertin fikrincə, keçirilən tədbir Azərbaycanın düşmən üzərində həm də növbəti ideoloji qələbəsidir: "Bədnam qonşularımızın festivalla bağlı aqressiya sərgiləməsi növbəti ideoloji qələbəmizin göstəricisidir. Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği və qorunmasına yönəlik "Xarıbülbül” festivalı hətta sovet dövründə keçirilib.  Azərbaycan torpaqları işğaldan azad etdiyi kimi, bu kimi festivallarla həmçinin özünün mədəni hüquqlarını da bərpa edir. Bu da normal qarşılanmalıdır”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR