Neft-qaz sektoru ÜDM istehsalını azaldır – SƏBƏBLƏR

Neft-qaz sektoru ÜDM istehsalını azaldır – SƏBƏBLƏR
Bu ilin ilk 4 ayında ümumi daxili məhsul (ÜDM) istehsalında azalmanın baş verməsinin yeganə səbəbi neft-qaz sektorunda yaradılan əlavə dəyərin həcminin kiçilməsi ilə bağlı olub.

 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-aprel ayları ərzində ÜDM istehsalı ötən ilin eyni dövrünə nisbətən 0,2 faiz azalıb. Azalmanın yeganə səbəbi neft-qaz sektorunda yaradılan dəyərin 8,4 azalmasıdır. Bu dövrdə qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 4,1 faiz artıb. Amma buradakı artım neft-qaz sektorundakı dəyər itkisini kompensasiya edə bilməyib.

 

Sfera.az xatırladır ki, 2021-ci ilin geridə qalan 4 ayı ərzində qeyri neft-qaz sektorunda istehsalda davamlı artım baş versə də, neft-qaz sektorunda əks proses gedir. Belə ki, yanvarda neft-qaz sektorunda ÜDM istehsalı 6,2 faiz azaldığı halda, yanvar-fevralda 7,5 faiz, yanvar-martda 7,3 faiz, yanvar-apreldə 8,4 faiz azalıb. Buradan görünür ki, neft-qaz serktorunda yaradılan əlavə dəyərin kiçilməsi ÜDM istehsalında artımın qarşısını alır.


Bəs, neft-qaz sektorunda ÜDM istehsalının aydan-aya daha da azalmasının səbəbi nədir?


Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban hesab edir ki, bunun əsas səbəbi bu ilin yanvar-aprel ayları ərzində neft hasilatının ötən ilin eyni dövrünə nisbətən azalmasıdır. Ekspert söylədi ki, 2020-ci ilin yanvarında gündəlik neft hasilatı (kondensatla birgə) 769 min barel, fevralda 750,6 min, martda 764 min, apreldə 771,4 min barel təşkil edib. Bu ilin yanvarında isə gündəlik neft hasilatı 752 min barel, fevralda 741 min, martda 735 min, apreldə 698 min barel olub.


İ.Şaban bildirdi ki, ötən ilin aprelində gündəlik hasilat maksimum səviyyəyə çatdığı halda bu ilin aprelində minimum həddə düşüb.

 

Ekspert neft hasilatındakı azalmanın çox böyük qisminin "Azəri-Çıraq-Günəşli”nin payına düşdüyünü də söylədi. O qeyd etdi ki, "Azəri-Çıraq-Günəşli”dəki istehsalın ÜDM-nin formalaşmasında xüsusi çəkisi yüksəkdir:

 

"ÜDM istehsalında qiymət yox, istehsal miqdarı əsas götürülür. Bu il istehsal miqdarında 500 min tona yaxın azalma var. İstehsalın azalması neft ixracına da mənfi təsir edib. Bakı-Tbilsi-Ceyhan kəməri ilə neft daşınmasının azalması da bunun əlamətidir”.

 

Ekspert may ayından etibarən neft-qaz sektorunda istehsal göstəricilərinin yaxşılaşacağını bildirdi. O xatırlatdı ki, ötən ilin mayında gündəlik neft hasilatı 650 min barelə düşüb. Həmsöhbətimiz ötən ilin may ayına nisbətən bu ilin mayında neft hasilatının artmasının gözlənildiyini vurğuladı.

 

İ.Şaban neft hasilatının artırılması məqsədilə sərmayə qoyuluşunun artırılmasının da neft-qaz sektorunda ÜDM istehsalına müsbət təsir edəcəyini bildirdi:

 

"BP şirkəti birinci rüblə bağlı hesabatını açıqladı. "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarında xərclər artırılıb. Şirkət daha çox kapital qoyuluşu edir, daha çox quyu qazır”.


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR