“Yuxarı Gövhərağa məscidinin bərpası, yeni məscidin tikilməsi...” – Deputatlar Şuşadakı quruculuq işləri haqda...

“Yuxarı Gövhərağa məscidinin bərpası, yeni məscidin tikilməsi...” – Deputatlar Şuşadakı quruculuq işləri haqda...
Şuşa şəhərində vaxtilə 17 məscid olub. Lakin düşmən onların hamısını dağıdıb. Buna baxmayaraq torpaqlar öz sahibinə qayıtdıqdan sonra atılan ilk addımlardan biri də İslam irsinin bərpası oldu. Belə ki, prezident İlham Əliyevin göstərişi ilə qədim Şuşada modern memarlıq nümunəsi olacaq yeni məscidin təməli qoyuldu, həmçinin Yuxarı Gövhərağa məscidinin bərpası istiqamətində işlər görüldü.

Sfera.az-ın məlumatına görə, ölkə başçısı Şuşada yeni tikiləcək məscid haqqında danışarkən bildirib ki, onun memarlığı rəmzi xarakter daşımalıdır.

"Məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başladılar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır” – deyə prezident İlham Əliyev qeyd edib.

Milli Məclisin deputatı Cavid Osmanov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını düşmən tapdağından azad etdikdən sonra burada ermənilər tərəfindən misli görünməmiş vəhşiliyin, vandallığın həyata keçirildiyinin şahidi olduq:

"Bütün dünya gördü ki, Ermənistan təkcə xalqımıza deyil, həmçinin şəhərlərimizə, kəndlərimizə qarşı da soyqırımlar törədib. Eyni zamanda bütövlükdə tarixi və dini abidələr də məhv edilib, 60-dan çox məscid tamamilə darmadağın olunub və ya bəzilərində donuz və digər heyvanlar saxlamaqla İslam dini təhqir edilib. Əlbəttə, bu, erməni vəhşiliyidir, vandallığıdır və təkcə İslam abidələrinə qarşı deyil, o cümlədən orada başqa dinlərə aid olan abidələr də dağıdılıb. Amma Azərbaycanda Vətən müharibəsindən 6 aydan bir az müddət keçməsinə baxmayaraq, bütün işğaldan azad olunmuş ərazilərimizdə ilk növbədə infrastruktur layihələrinin həyata keçirilməsi, digər obyektlərin tikintisi və bu istiqamətdə aparılan işlərlə yanaşı, tarixi və dini abidələrin bərpası istiqamətində də prezidentin tapşırığına əsasən, çox ciddi işlər görülür. Şuşada da bununla bağlı vacib işlər aparılır”.

Millət vəkili qeyd edib ki, Yuxarı Gövhərağa məscidinin bərpası, yeni məscidin tikilməsi prezident İlham Əliyevin apardığı siyasətin dinlərə olan yüksək dəyərinin göstəricisidir və multikultural dəyərlərin ölkəmizdə qorunması, saxlanması istiqamətində həyata keçirilən tədbirlərdəndir:

"Prezidentin tapşırığı əsasında, təkcə İslam dini abidələrinin bərpası işləri getmir, həm də digər dinlərə məxsus abidələrin bərpası istiqamətində işlər davam edir. İşğaldan azad olunmuş digər ərazilərimizdə də bu cür abidələrin yenidən qurulması ilə əlaqəli ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də xeyli işlər görülür. Bu günlərdə prezident və birinci vitse-prezidentin Qəbələyə getməsi, orada udi xalqına aid olan alban kilsənin yenidən açılması buna nümunədir. Bütün bunlar bir daha Azərbaycanın həm xalq, həm də dövlət olaraq multikultural dəyərlərə, tolerantlığa nə qədər böyük önəm verdiyindən, bu dəyərlərin nə qədər inkişaf etdiyindən xəbər verir. O cümlədən "XarıBülbül” Musiqi Festivalının keçirilməsi bütövlükdə Azərbaycanda yaşayan bütün xalqların dinindən, dilindən asılı olmayaraq, milli birlik ətrafında birləşdiyini nümayiş etdirir. Azərbaycan prezidentinin yeritdiyi siyasətin prioritet hədəflərdən biri də məhz bu dəyərlərin qorunub saxlanılması, dini abidələrin yenidən qurulmasıdır”.

Milli Məclisin deputatı Azər Badamov isə satımıza danışarkən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu xatırladıb:

"12-13 may tarixlərində Şuşada "Xarı Bülbül” musiqi festivalının keçirilməsi, Yuxarı Gövhərağa məscidində azan səsləndirilməsi, bayram namazımızın qılınması, Yeni məscidin tikintisinin bünövrəsinin qoyulması Böyük qayıdışımızın başlanğıcıdır. Biz işğaldan azad olunmuş torpaqlarımıza mədəniyyətimizlə, dinimizlə qayıdırıq. Bu o deməkdir ki, xalqımız milli-mənəvi dəyərlərə sıx bağlıdır.

Ermənilər torpaqlarımızı işğal etdiyi dövrlərdə mədəni-tarixi abidələrimizi, məscidlərimizi, xalqımızın tarixini və milli kimliyini əks etdirən abidələrini dağıdaraq məhv edib. Onlar tarixə öz vəhşilikləri, vandallıqları və terrorçuluqları ilə həkk olunublar. Bizim tariximiz isə yaradıcılıq, quruculuq və mədəniyyətlərin müxtəlifliyinin qorunmasına verildiyi töhfələrimizlə zəngindir. İşğaldan azad olunmuş ərazilərimizə qayıdışımızla, nəinki, islam dininə mənsub ibadət yerlərinə, həm də xiristian dini abidələrinə də bərpası ilə yeni həyat verilir”.

Deputat həmçinin qeyd edib ki, azad olunmuş ərazilərdə olan alban abidələrinin tarixini saxtalaşdırmaq hərəkətlərinin qarşısı alınıb və yenidən həmin kilsələrdə udi qardaşlarımızın ibadətlərinin edilməsinə şərait yaradılır:

"Ölkəmiz dünyada öz tolerantlığı və multukultural ənənələrin inkişafı ilə fərqlənən çox az ölkələrdəndir. Biz, bizə qarşı ədalətsiz və ermənipərəst mövqedə dayananlara rəğmən öz quruculuq - bərpa işlərini sürətlə aparırıq və düşünürəm ki, yaxın gələcəkdə həmin ərazilər müxtəlif mədəniyyət və dinlərinin birgə yaşayışının qurulduğu cənnət məkanına çevriləcək”.




Günay 
Sfera.az


OXŞAR XƏBƏRLƏR