Ramazan başladı, qiymətlər bahalaşdı - FOTO

Ramazan başladı, qiymətlər bahalaşdı - FOTO

İyunun 7-də ramazan ayı başlayıb. Digər müsəlman ölkələrində  ramazan ayı başlamazdan əvvəl qiymətlərdə endirimlər edilir ki, oruc tutan hər kəs iftar süfrəsinə istədiyi neməti düzə bilsin. Azərbaycanda isə bunun əksi baş verir. Hər ramazanda olduğu kimi, bu dəfə də qiymətlər hətta iki-üç qat bahalaşıb. Xüsusən də xurmanın qiyməti...  

Ümumiyyətlə isə bayram menyusuna daxil olan əsas ərzaq məhsullarının, demək olar ki, hamısında bahalaşma müşahidə edilməkdədir.

Sfera.az bildirir ki, musavat.com qiymətlərlə daha yaxından tanış olmaq üçün bir neçə marketə baş çəkib.

Aparılan müşahidə zamanı məlum oldu ki, xurmaların qiyməti  "əl yandırır". Belə ki, İsrail xurmasının kiloqramı 11 manat 50 qəpik, Tunis xurmasının kiloqramı 9 manat 90 qəpik, digər xurmalar isə 6 manat 90 qəpik, 7 manat 50 qəpik, 10 manat, 14 manat 50 qəpik arasında satılırdı. Hətta kilosu 20-30 manata da xurma növlərinə rast gəldik. Qutuda olan İran xurmaları isə  2 manat 79 qəpiyə, 4 manata satılırdı. Ən bahalı xurma Mədinədən gətirildiyi deyilən xurma idi ki, onun da 100 qramı 5 manat 20 qəpiyə, kilosu isə 52 manata satılırdı. 

Alıcılar da vəziyyətdən narazı idi. Oruc tutduğunu deyən Zəhra Əliyeva xurma almaq istədiyini, amma qiymətinin baha olduğunu dedi: "Əvvəl 1 manat 50 qəpiyə aldığım xurma indi 2 manat 70 qəpikdir. Bu qədər qiymət artımı olmaz axı. Hər şeydən əvvəl bu cür müqəddəs bir ayda fürsətdən istifadə etmək günahdır. Məcburən aldım. Çünki iftarı xurma ilə açıram".

Digər alıcı da qiymətin bahalığından gileyləndi. Xurmanın qramı 5 manatdır, bu cür olmaz axı. Bir də görəcəyik ki, artıq dənə ilə satırlar. Ən azından Ramazanda bunu etməsinlər".
Baş çəkdiyimiz "Yaşıl bazar"da da eyni vəziyyət idi. Xurmanın, quru meyvələrin, ləpənin, eyni zamanda meyvə və tərəvəzlərin qiymətində müəyyən qədər artım vardı. Satıcılar isə qiymət artımını tələbatın artması ilə izah edirdilər. Satıcı Əli Məmmədov topdansatış mərkəzlərində də qiymətin artdığını deyirdi: "Topdansatış mərkəzlərində qiymətlər artdığı üçün biz də üstünə 5-10 qəpik qoyuruq. Bahalaşma olmasını istəmirlərsə, biz satıcılara irad tutmasınlar, topdansatışda qiymətləri tənzimləsinlər ki, biz də ucuz alıb ucuz sataq".

Ramazan ayında qiymətlərin bahalaşmasının səbəblərinə gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli bunun hər il təkrarlanan pis bir tendensiya olduğunu dedi: "Azərbaycanda çox pis tendensiya mövcuddur ki, əsasən də ramazan, Novruz bayramı öncəsi ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Təbii ki, bu zamanlar tələb artır. Amma tələb artdığı üçün qiymətlər artmır. Sadəcə, o fürsətdən istifadə edib qiymətləri qaldıran topdansatış ticarəti ilə məşğul olan şirkətlərin və insanların birbaşa iştirakı ilə baş verir. Çünki Azərbaycanda rəqabət mühit olsaydı və xarici ticarətlə məşğul olmaq daha sərbəst hala gəlsəydi, o zaman, təbii ki, ölkəyə tələbat artan zaman daha çox məhsul gətirməyə meyl edən insanlar, şirkətlər olardı. 

Çünki bu, iqtisadiyyatın ilkin qanunlarından biridir. Yəni tələb varsa, təklif də olmalıdır. Təkliflər daha çox olmalıdır. Amma görünən odur ki, bu bazara nəzarət edən qurumlar, şirkətlər, yaxud da şəxslər bu fürsətdən, sadəcə olaraq, yararlanmağa çalışırlar və bayram öncəsi tələbin artmasından qiyməti qaldıraraq buna reaksiya verirlər. Özüm bazarlıq edərkən də bunun şahidi oldum ki, əsasən xurmanın və digər ərzaq məhsullarının qiymətində artım var. Artım dükanlarda açıq şəkildə müşahidə olunur. Bu çox pis bir tendensiyadır və bunun qarşısını almağın yeganə yolu ölkədə rəqabətli mühitin artmasıdır. Bu mühit də hələ ki yoxdur və görünür ki uzun müddət də olmayacaq".

 



OXŞAR XƏBƏRLƏR