Açıq havada maska məcburiyyəti ləğv olunur? - Prezidentin Şuşadan Operativ Qərargaha verdiyi mesaj
16:42 / 14.05.2021
3486
Xəbər verdiyimiz kimi ötən gün Şuşada keçirilən
"Xarıbülbül” Musiqi Festivalında Prezident İlham Əliyev insanları
salamladıqdan sonra hər kəsdən maskalarını çıxarmalarını xahiş edib. Bundan
sonra həmin addımın açıq havada maska taxmaq qərarına təsir edəcəyini düşünənlər
kifayət qədər artıb. Çoxluq açıq havada maska taxılmasının tərəfdarı deyil və qərarın
ləğv edilməsini istəyir.
Məsələ ilə bağlı tibb üzrə ekspert Adil
Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, Operativ Qərargah prezidentin son
addımını nəzərə alacaq:
"Əslində bu, çoxdan həyata keçirilməli olan qərar
idi. Çünki biz qapalı mühitdə, iaşə müəssisələrində, restoranlarda, çay evlərində
saatlarla maskasız otururuq. Halbuki bunun yoluxma riski daha yüksəkdir. Bayıra
çıxanda isə maska taxırıq. Bu, tam absurd bir qərardır və bir-birinə daban-dabana
ziddir. Bunun elmi izahı da yoxdur. O mənada qərar çoxdan ləğv olunmalı idi”.
Milli Məclisin deputatı Razi Nurullayev saytımıza açıqlamasında qeyd edib ki, artıq
bütün dünyada koronavirus pandemiyasına adaptasiyada müəyyən irəliləyişlər var:
"Bu və digər ölkələr əvvəlki sərt qərarlarına
dəyişikliklər edir və insanlara daha çox sərbəstlik verirlər. Azərbaycanın da
gözəl təbiəti var, hava günəşlidir. Əlbəttə, belə havada açıq havada maskanın
taxılması doğru deyil. Ölkə başçısının "Xarıbülbül” Musiqi Festivalındakı
addımını alqışladım. İnanıram ki, prezidentin bu cür jesti Operativ Qərargah
üçün də bir stimul ola bilər”.