Azərbaycan taxıl təminatında idxaldan asılılığını tam aradan qaldıra bilər

Azərbaycanda taxıl istehsalı sahəsində ən ciddi uğursuzluqlardan biri məhsuldarlıqla bağlıdır. Qabaqcıl ölkələrlə məhsuldarlıq hektar başına 5-6 ton təşkil etdiyi halda, ölkəmizdə məhsuldarlıq 3-3,2 ton səviyyəsindədir.
Sfera.az xarici mənbələrə istinadən bildirir ki, Avropa Birliyi ölkələrində, Çində məhsuldarlıq 5 tondan çoxdur. Hətta bəzi ölkələrdə məhsuldarlıq göstəricisi 7-8 tona çatır.
Azərbaycanda taxıl əkinindən söhbət gedəndə ağla gələn taxıl məhsulu buğda olur. Çünki ölkəmizdə taxıl əkilən sahələrin təxminən 70 faizi buğda sahələridir. Taxıl əkilən 900-950 min hektar ərazinin 600-650 min hektarı buğda əkilən sahələrdən ibarətdir. Azərbaycan taxıl istehsalında yüksək nəticəyə nail olmaq üçün ilk növbətə buğda sahələrindən əldə edilən məhsuldarlığı artırmalıdır.
Avropa Birliyi kimi buğda istehsalında yüksək nailiyyətlər əldə edilən ölkələrdə orta məhsuldarlıq 5,5 tondur. Birliyin əsas buğda istehsalçıları olan Almaniyada orta məhsuldarlıq 7,8 ton, Fransada 7,11 ton təşkil edir.
Avropada taxıl istehsalında belə yüksək nəticənin əldə edilməsinə əkin sahələrinin az, əhalinin sayının çox olması məcbur edir. Böyük torpaq sahəsi olan ölkələrdə isə məhsuldarlığa xüsusi əhəmiyyət verilmir. Məsələn, məhsuldarlıq Rusiyada 2,2 ton, Hindistanda 2,95 ton, ABŞ-da 2,95 ton, Qazaxıstanda 1,64, Türkiyədə 2,44 ton, Ukrayna 3,3 tondur.
Azərbaycan buğda və taxıl istehsalında məhz avropalıları nümunə götürməlidir. Əgər ölkəmiz Avropa Birliyindəki 5,5 tonluq nəticəyə nail olarsa, Azərbaycanda buğda əkilən sahələrdən 3,5 milyon ton məhsul toplamaq mümkündür. Taxıl istehsalının səviyyəsini isə 4,5-5 milyon tona çatdırmaq olar. Bu nəticələr reallaşdırılarsa, ölkəmiz taxıl və buğda təminatında idxaldan asılılığını tam aradan qaldıra bilər.
Mütəxəsislərin fikrincə, yüksək məhsuldarlıq üçün münasib iqlim şəraiti ilə bərabər yüksək məhsuldar toxumlardan istifadə və zəruri aqrotexniki tədbirlərin görülməsi şərtdir. Ölkəmizin iqlim şəraiti əlverişlidir, yeganə çatışmazlıq işin təşkilidir. Taxılçılıqda özünü doğruldan texnoloji imkanlardan maksimum yararlanmaqla Azarbaycanda da bol məhsul əldə etmək olar.
Vasif
Sfera.az