Vəfat etmiş şəxsin pensiya kapitalının taleyi necə olur? - QANUNA ƏSASƏN...

Vəfat etmiş şəxsin pensiya kapitalının taleyi necə olur? - QANUNA ƏSASƏN...
2006-cı ildən tətbiq edilən pensiya qanunvericiliyinə əsasən, hər bir şəxsin pensiya məbləği onun fərdi hesabında toplanan pensiya kapitalından asılıdır. Bu prinsipə uyğun olaraq fərdi hesabında daha çox vəsait toplaya bilən şəxslər daha yüksək pensiya almaq imkanı qazanır.

Amma pensiyaya çıxmaq üçün pensiya yaşına çatmaq lazımdır. Hazırda kişilər 65 yaşında, qadınlar 63,5 yaşında pensiyaya çıxır. Statistika göstərir ki, kişilərin təxminən yarısı, qadınların isə 30 faizi pensiya yaşına çatmamış vəfat edir və fərdi hesabda yığılan puldan istifadə edə bilmir.

 

Bəs, pensiya yaşına çatmamış vəfat edən şəxslərin topladığı vəsait necə olur? Həmin vəsait bir çox ölkədə olduğu kimi əmanət şəklində ailəsinə qaytarılırmı?


Sfera.az bildirir ki, bu məsələni "Əmək pensiyaları haqqında” Qanun tənzimləyir. Qanuna əsasən, yaşa və əlilliyə görə pensiya 2 hissədən – sığorta və yığım hissəsindən ibarətdir. Sığorta hissəsi, sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı hesabdır. Bu hesabda yığılan pulla pensiyanın sığorta hissəsi hesablanır.

 

Yığım hissəsi isə sığorta hesabında yığılan pulla bərabər, əlavə olaraq ödənilən könüllüsosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı hesabdır.

 

Yığım və sığorta hesabında toplanan vəsait ümumilikdə pensiya kapitalını formalaşdırır.

 

Qanun deyir ki, əgər şəxs, pensiya yaşına çatmamış vəfat edərsə, yığım hissəsində olan vəsaitlər onun varisləri arasında bərabər bölünür. Bu halda, həmin vəsaitin məbləğinə uyğun olaraq onun 18 yaşına çatmayan övladları (ali təhlis aldıqları halda 23 yaşına qədər), yaxud əmək qabiliyyəti olmadığı halda həyat yoldaşı pensiya da ala bilir. Pensiya kapitalı toplayan şəxs ailə həyatı qurmayıbsa, pensiya almaq hüququndan onun əmək qabiliyyəti olmayan valideynləri istifadə etmək hüququna sahibdir.

 

Varislərin əmək qabiliyyəti olduqda vəfat edən şəxsin pensiya kapitalından yalnız pensiyaya çıxdıqda istifadə olunur. Şəxsin varisi olmadıqda isə onun adına yığılan vəsait müvafiq icra hakimiyyəti orqanının (Dövlət Sosial Müdafiə Fondu – red.) büdcəsinin gəlirlərinə aid edilir.

Deməli, Azərbaycanda pensiya yaşına çatmamış, yaxud pensiyaya çıxmamış vəfat edən şəxslərin hesabında toplanan vəsait onun varislərinə birbaşa ödənilmir, varislərinin "pensiya fondu”nda olan hesabına əlavə edilir. Varislər onlara miras qalan vəsaitdən yalnız pensiya almaqla istifadə edə bilir.

 

 

Vasif

Sfera.az 


OXŞAR XƏBƏRLƏR