Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək

Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək
Neft qiymətlərinin yüksəlməsi Azərbaycan Dövlət Neft Fonduunn aylıq gəlirlərinin artmasına imkan yaradır. 

Sfera.az Neft Fondunun məlumatlarına istinadən xəbər verir ki, yanvar-aprel dövründə aylıq gəlirlər əvvəlki aya nisbətən davamlı artıb. 

Dövlət Neft Fondunun 2021-ci ilin yanvarında neft və kondensat satışlarından gəliri 248,484 milyon dollar olmuşdu. Gəlirlər fevralda 329,597 milyon dollara, martda 404,583 milyon dollara, apreldə 496,688 milyon dollara yüksəlib. 

Müqayisə göstərir ki, apreldə Dövlət Neft Fondunun neft və qaz yataqlarının işlənməsindən əldə etdiyi mənfəət 2 dəfə artıb. 

Proqnozlara əsasən, 2021-ci ildə neft qiymətləri hazırkı səviyyədə qalacaq. Bu ehtimal daxilində Neft Fondunun növbəti 8 ay ərzində gəlirləri ən azı 4 milyard dollara yaxın olacaq. İlk 4 aydakı gəlirlər də nəzərə alındığında Fondun yalnız karbohidrogenlərin satışından əldə ediləcək illik xalis gəliri 5,4 milyard dolları ötəcək.  

Lakin nəzərə almaq lazımdır ki, "OPEC plus” üzrə əldə edilən razılaşmaya əsasən, bu il ərzində Azərbaycan neft hasilatını və ona paralel olaraq ixrac miqdarını artırma imkanına sahib olacaq. 

Azərbaycan "OPEC plus” üzrə 2020-ci ilin əvvəlində əldə edilən razılaşmaya sadiq qalaraq, gündəlik neft hasilatını 131 min barel azaldıb. Bununla da 2020-ci ilin avqust-dekabr aylarında gündəlik hasilat 587 min barel olub. 

2020-ci ilin 3 dekabr tarixində "OPEC plus” üzrə razılığa uyğun olaraq Azərbaycanın gündəlik neft hasiları 595 min barelı çatdırılıb. Hasilat razılaşması mayın 1-nə qədər qüvvədədir. May ayından gündəlik hasilat artırılacaq. Belə ki, gündəlik hasilat mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində olacaq. 

Qlobal iqtisadiyyat özünü bərpa etdikcə və neft bazarlarında tələb artdıqca, gündəlik neft hasilatının artırılması davam edəcək. Əlbəttə ki, hasilatın artırılması və neft qiymətlərinin əlverişli səviyyədə qalması Azərbaycanın aylıq neft gəlirlərinin artmasına səbəb olacaq. 

Mövcud ehtimal daxilində deyə bilərik ki, 2021-ci ildə Neft Fondunun yalnız karbohidrogenlərin satışından əldə ediləcək xalis gəliri 5,5 milyard dolları ötəcək. Bu, Fondun büdcəsində əksini tapan proqnoz gəlirdən (3,788 milyard dollar) 1,7 milyard dollar və ya 44,8 faiz çoxdur. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR