Bakıda maaşlar azalıb - RƏQƏMLƏR

İqtisadiyyat
13:37 / 05.05.2021
4891
2021-ci ilin yanvar-fevral aylarınin ilkin məlumatlarına əsasən Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,1 faiz azalaraq 899,7 manat olub. Ötən ilin birinci rübündə orta əməkhaqqı 958 manat idi.
Sfera.az Bakı Şəhər Statistika İdarəsinə istinadən bildirir ki, əməkhaqqında daha böyük azalma mədənçıxarma sənayesində qeydə alınıb. Burada maaşlar 4137 manatdan 3665 manata düşüb. İllik müqayisədə mədənçıxarma sahəsində əməkhaqqı 11,4 faiz azalıb.
Azalma sürətinə görə ilk sırada isə topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sahəsidir. Burada maaşlar 21,9 faiz azalaraq 826 manatdan 645 manata enib.
Əməkhaqqı azalan sahələr arasında peşə hazırlığı (7,4 faiz), ictimai iaşə (6,5 faiz), təhsil (5,7 faiz), tikinti (4,4 faiz), su təchizatı; tullantıların təmizlənməsi və emalı (1,1 faiz), kənd təsərrüfatı (0,6 faiz) var.
Bakıda bir çox sahələr var ki, orada maaşlar artıb. Ən böyük artım elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsində qeydə alınıb. Burada maaşlar 11,9 faiz artaraq 805 manatdan 901 manata yüksəlib. Digər maaş artımı olan sahələr bunlardır: səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsi (12,4 faiz), dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat (5,3 faiz), informasiya və rabitə (4,3 faiz), nəqliyyat və anbar təsərrüfatı (3,8 faiz), istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahəsi (2,1 faiz).
Qeyd edək ki, Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 40 944 nəfər artaraq 860 451 nəfər olub. Maaş azalmasına aşağı əməkhaqqı tutumu olan iş yerlərinin sayının artması da təsir edib.
Vasif
Sfera.az