8 və 11 mayla bağlı yaranan suallara CAVAB: Bu müəllimlərin əməkhaqqı...

Cəmiyyət
12:54 / 05.05.2021
3902
"Baş nazirin iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında son qərarından sonra 8 mayda 6 günlük iş rejimi ilə fəaliyyət göstərən məktəblərdə sual yaranıb. Həmin gün bizdə onsuz da iş günü idi, bəs 11 may tarixinin dərslərini - cədvəllərini necə təşkil edək? 8 may tarixinin dərsləri necə olsun? Bəs müəllimlərin, xüsusilə saathesabı dərs aparan müəllimlərin davamiyyəti - tabelləri necə həll olunsun?”.
Sfera.az-ın məlumatına görə, bunu 147 saylı liseyin direktoru Arif Əsədov deyib. O bildirib ki, bunun qanuni və metodiki həlli yolu var:
"Nazirlər Kabinetinin qərarı məcburidir. Deməli, 8 may tarixində 11 may tarixinin cədvəlləri üzrə tədris prosesi təşkil edilir. 8 may tarixdəki təlim məzmunu isə növbəti həftələrin təlim-dərs məzmunu ilə birləşdirilir, sıxışdırılır. Materiallar birgə mənimsədilir. Dərs jurnallarına da mövzu və məzmun standartları da buna uyğun olaraq qeyd edilir”.
A.Əsədovun sözlərinə görə, saathesabı dərs deyən müəllimlərə isə həm 8, həm də 11 may tarixlərinin iş günü hesablanır:
"Müddətsiz müqavilə ilə, eləcə də buna müvafiq olan digər işçilərin əməkhaqqı ödənməsinə, beşgünlük iş rejimi ilə fəaliyyət göstərən məktəblərə bu qərar təsir etmir”.
Qeyd edək ki, son qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. 8 və 16 may dərs günü olacaq.
Günay
Sfera.az