Gənclər və idman naziri kim olacaq? – Adlar, ehtimallar...

Gənclər və idman naziri kim olacaq? – Adlar, ehtimallar...
Gənclər və İdman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta kimin daha şanslı olması haqda müzakirələr intensivləşib.
 
Sfera.az xəbər verir ki, istər sosial şəbəkələrdə, istərsə də siyasi kluarlarda Gənclər və İdman naziri postuna ən şanslı namizəd kimi bir neçə şəxsin adı hallandırılır.
 
Bu yazımızda isə həmin şəxslərin bu proqnozları nə dərəcədə doğrulda biləcəklərini aydınlaşdırmağa çalışacağıq.
 
İddialı namizəd kimi adı hallandırılan şəxslərdən biri Yusuf Məmmədəliyevdir.


 
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi vəzifələrini daşıyan Yusuf Məmmədəliyev hazırda sözügedən sahəni kurasiya edir. Görünür, elə bu səbəbdən də onun adı ən şanslı namizədlər sırasında ilk olaraq çəkilir. Bununla belə unutmaq olmaz ki, Yusuf Məmmədəliyevin hazırkı postu nəzarətedici funksiya həyata keçirməsi baxımından daha prestijli hesab edilir. Məhz bu səbəbdən də onun nazir gətirilməsi real görünmür.  Çünki bu şöbəni Yusuf Məmmədəliyev özü formalaşdırıb və eyni adamların həm bu sahənin icrası, həm də bu sahəyə nəzarəti real görünmür.
 
Mövzuyla bağlı adı hallandırılanlardan biri də Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevdir. Məlumat üçün bildirək ki, bu şəxs 20 ildir ki, nazir müavini postunu tutub və onun şanslarını yüksək dəyərləndirənlər məhz bu amili xüsusi olaraq qabardırlar.


 
Onlar hesab edir ki, Gənclər və İdman Nazirliyinə kənardan başqasını gətirməkdənsə İntiqam Babayevin namizədliyi üzərində dayanacaqlar. Lakin İntiqam Babayevin adı Hesablama Palatasının yoxlamalarından sonra korrupsiya qalmaqallarında sıx-sıx hallanır.
 
Hazırkı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adı da yeni nazir postuna iddialı şəxslər arasında çəkilir.
 
 
 

Qeyd edək ki, Fuad Muradov bu sektora yad sayılmır. Təkcə bir məqamı xatırladaq ki, o eyni zamanda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri vəzifəsində olub. Bununla belə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsində olduğu dövrdə 2-ci Qarabağ müharibəsinin gedişatı zamanı Diaspora təmsilçiləri ilə Komitə arasında fikir ayrılıqları və təltiflərdən imtina ilə bağlı qalmaqallar, rəsmi və qeyri-rəsmi tənqidlər onun nazir postuna gedən yolunu bağlayan faktor kimi dəyərləndirilir.
 
Dəyərləndirilən namizədlər arasında Elnur Aslanovun da adı var.
 
 

Xatırladaq ki, Elnur Aslanov da kifayət qədər böyük idarəçilik təcrübəsinə malik şəxslərdəndir. O, 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri kimi məhz Azad Rəhimovla birgə  gənclər siyasətini koordinasiya edib.
 
Harvard məzunu olan Elnur Aslanov Prezident Administrasiyasında şöbə müdiri işlədiyi dönəmdə "5-ci kalon” tərəfindən hədəfə çevrilmişdir. Elnur Aslanov haqda qarayaxma kampaniyasının iflasa uğraması isə onun müsbət reputasiyasını bir qədər də möhkəmləndirib.
 
Bununla belə E.Aslanovun Gənclər və İdman naziri olmaq ehtimalı azdır. Ən azından onun hal-hazırda siyasi proseslərdə iştirakı gözə dəymir.
 
İnci

OXŞAR XƏBƏRLƏR