ABŞ dövlət katibi Ukraynaya gedir: “Putinin hədəflərini bilmirəm”

Dünya
10:53 / 30.04.2021
1477
ABŞ dövlət katibi Antoni Blinkenin gələn həftə Kiyevi ziyarət edəcəyi bildirilib.
Sfera.az xəbər verir ki, Antoni Blinken həftəsonu ölkənin "CBS” telekanalında yayımlanacaq müsahibəsinin bir hissəsində Ukraynadakı son hadisələri müzakirə etmək üçün oraya gedəcəyini söyləyib.
A.Blinken hazırda Ukrayna ilə sərhəddə əsgər sayının Rusiyanın Krımı işğal etdiyi 2014-cü ildən bəri ən çox həddə olduğunu bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin məqsədlərini bilmədiklərini qeyd edərək, "Cənab Putinin edə biləcəyi və etməyəcəyi çox şey var”, - deyib.
Son günlərdə Rusiya əsgərlərinin geri çəkilmə prosesini yaxından izlədiklərini bildirən ABŞ dövlət katibi ölkəsinin Ukraynaya dəstəyini bir daha təkrarlayıb.
Rusiya aprelin 6-da ordunun müharibəyə hazırlığı ilə bağlı yoxlamaların başladığını və müxtəlif bölgələrdə taktiki təlimlərin keçiriləcəyini elan edib. Bundan sonra Rusiyanın Krım və Ukrayna sərhədində hərbi gücünün olduğu və göndərilən əsgər sayının 100 mindən çox olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi aprelin 22-də ölkənin cənub və qərbdəki hərbi bölgələrində qoşunların təlimlərinin sona çatdığını və əsgərlərin geri çəkiləcəyini açıqlayıb.
ABŞ rəhbərliyi isə gərginliyin ilk günündən etibarən Kiyevlə sıx təmasda olaraq bu ölkəyə açıq dəstəyini ifadə edib.
Əzizə Zeynal
Sfera.az