Prezidentlər iyunda görüşəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-danCeyms Uorlik və Fransadan Pyer Endryu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin mayın 31-də Brüsseldə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla, iyun 2-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
Görüşdə tərəflər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı qəbul edilən qərarların icrasını müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşlərdə iştirak edib.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bir daha təsdiq ediblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in istintaq mexanizminin yaradılması üzrə sənədlərin layihəsini təqdim ediblər.
Nazirlər hərtərəfli nizamlanma üzrə danışıqların bərpa edilməsi məqsədi ilə iyun ayında danışıqların növbəti raundunu keçirmək barədə prezidentlərin razılığını təsdiq ediblər.