"Aİ-92" markalı benzin keyfiyyətsizdir, ona görə də...” – Ekspert benzin idxalının artmasını şərh edir
12:32 / 20.04.2021
2212
2021-ci ildə də
Azərbaycana "Aİ-95" markalı ("Premium”) avtomobil benzininin idxalında
artım davam edib. Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-fevral aylarında 7,1
milyon dollar dəyərində 11 934 ton "Premium” benzin idxal edilib ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 78 faiz, dəyəri ifadəsində 28
faiz artım deməkdir.
Maraqlıdır ki, bu dövrdə ölkəmizdə "Aİ-92” markalı
benzinin istehsalı azalıb. 2021-ci ilin birinci rübünə aid olan məlumata
əsasən, "Aİ-92”
markalı avtomobil benzini istehsalı 28 faiz azalaraq 247,4 min tona düşüb.
Sfera.az benzin
istehsalı və idxalın dinamikasına əsaslanaraq bildirir ki, ölkəmizdə "Premium” markalı
benzinə tələb artır. Bunun nəticəsidir ki, son 5 ildə "Premium” markalı benzinin
idxalında artım müşahidə edilir. 2016-cı
ildə 44,2 min ton "Aİ-95” markalı benzin idxal olunduğu halda, idxal 2017-ci
ildə 50,6 min tona, 2018-ci ildə 57,7 min tona, 2020-ci ildə 97 min tona yüksəlib.
Son 5 ildə "Premium” benzinin idxalı 2 dəfədən çox artıb.
Bu dövrdə yerli
istehsal azalıb. 2017-ci ildə 1,215 milyon ton avtomobil benzini istehsal edən
Azərbaycan 2020-ci ilə kimi istehsalı tədricən azaldaraq 1,166 milyon tona
çatdırıb.
Müqayisə olunan
dövrdə ölkəmizdə avtomobillərin sayı artıb, eyni zamanda avtomobil parkı
köhnəlib. Bu vəziyyətdə "Premium” benzini idxalının artması, istehsalının isə
azalması ondan xəbər verir ki, yerli məhsula tələb azalır.
Avtomobil sahəsi üzrə
ekspert Elməddin Muradlı "Premium” benzininə tələbin artmasını Azərbaycanda istehsal
edilən "Aİ-92” markalı benzinin keyfiyyətsiz olması ilə izah etdi. Onun fikrincə,
yerli benzinin keyfiyyəti istehlakçıları qane etmədiyindən idxal benzininə tələb
artır.
""Aİ-92” markalı benzinin keyfiyyətinin aşağı
olması rəsmi səviyyədə də etiraf edilib”, - deyən E.Muradlı yerli məhsulun
keyfiyyətsiz olmasına görə çoxlu sayda istehlakçının zərərə uğradığını söylədi:"Yüzlərlə, minlərlə sürücü benzinin keyfiyyətsiz olmasından əziyyət çəkib. Benzin
keyfiyyətsiz olduqda o, yanacaq nasosuna və digər aidiyyəti qurğulara zərər
vurur. Şəxsən mən, bu problemlə üzləşmişəm. Mənim avtomobilimə dəyən zərər 1000
manatdan çox olub.
Yanacaq keyfiyyətsiz olduqda həm ətraf mühitə atılan
zərərli maddələrin miqdarı çox olur, həm avtonəqliyyat vasitəsində texniki
problemlər yaradır, həm də avtomobil sahibi əlavə xərclə üzləşir”.
E.Muradlı "Aİ-92” markalı benzinin bahalaşmasından
sonra da onun keyfiyyətində dəyişiklik hiss edilmədiyini bildirdi. Onun müşahidəsinə
görə, belə vəziyyətdə avtomobil sahibləri məcburiyyət qarşısında qalıb daha
bahalı və keyfiyyətli "Premium” benzinindən istifadə etməli olurlar: "Adətən
qiymət artanda keyfiyyət də dəyişməlidir. Amma "Aİ-92” markalı benzinin
bahalaşmasından sonra bu, baş vermədi. Bu azmış kimi "Aİ-92” markalı benzindən
istifadə zamanı sərfiyyat da çox olur. Bütün bunlar avtomobil sahiblərində narazılıq yaradır”.
Vasif