Böyüklər uşaqların 2 milyonunu necə yeyib? – “Bağçalar BŞİH-nin tabeçiliyindən çıxarılmalıdır”

16:43 / 15.04.2021
1831
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin
tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə
dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini
açıqlayıb. Məlum olub ki, Bakı bağçalarında 2 milyon manata qədər vəsait
qanunsuz xərclənib.
Bununla bağlı təhsil eksperti Kamran Əsədov
Sfera.az-a açıqlamasında bildirib ki,
2011-ci ildə bağçalar Təhsil nazirliyindən alınıb icra hakimiyyətlərinə
veriləndə mobilliyin, çevikliyin, maddi-texniki bazanın daha da
yaxşılaşdırılması ən vacib məqam idi:
"Görünən odur ki, 10 il ərzində bu
istiqamətdə heç bir iş görülməyib. Əksinə, bilirik ki, icra hakimiyyəti orqanlarında
maliyyə yeyintiləri böyük həcmdədir və idarəetmə, maddi-texniki təminatla bağlı
uşaq bağçalarında çox ciddi pozuntular var. Xüsusilə də uşaq bağçaları
ictimaiyyətə açıq qurum deyil, burada ciddi şəkildə yeyintilərin olması
normaldır. Təkcə yeyintilər maddi-texniki baza, lazım olan təchizatla əlaqəli
deyil. Digər tərəfdən qeydiyyat elektron aparılmır, bağça rəhbərləri uşaq qəbul
edəndə əsassız tələblər irəli sürürlər, müəyyən vəsait alandan sonra isə yer
açırlar.
Bundan başqa dövlət büdcəsindən bağçada tərbiyə
alan, iştirak edən hər bir uşaq üçün qida rasionu hazırlanır, amma təəssüf ki,
bağçalarda monitorinq aparanda nizamnamədə və qanunvericilikdə nəzərdə tutulmuş
həcmdə qidaların uşaqlara verilmədiyini görürük. Az qida verilir və ya ümumiyyətlə
verilmir. Halbuki uşaqlar üçün müəyyənləşmiş menyuda kifayət qədər faydalı
qidalar var – meyvəsindən tutmuş ətinə, südünə qədər. Buna baxmayaraq müvafiq qurumlar
maliyyəni mənimsəyirlər və yekunda uşaqlar bütün günü bağçada ancaq şorba və ya
evdən gətirdikləri yeməkləri yeyirlər. Bu da düzgün deyil. Bağçalara evdən, kənardan
qida gətirilməməlidir”.
Müsahibimiz qeyd edib ki, hazırda bağçalarda şəffaflıq
yoxdur: "Hesab edirəm ki, bağçalar ayrıca bir qurum
yaradılaraq onun tabeliyinə verilməlidir. Həmin qurum da Təhsil nazirliyinə
tabe olmalıdır. Necə ki, diplomların
tanınması ilə bağlı Keyfiyyət Təminatı Agentliyi, peşə təhsili ilə bağlı Peşə Təhsili
Agentliyi var, eyni zamanda nazirliyə tabe Məktəbəqədər Uşaq Bağçaları İdarəsi
yaradılmalıdır. Bütün bağçalar icra hakimiyyətlərindən alınaraq bu idarəyə
tapşırılmalıdır. Çünki uşaq bağçaları əslində məktəbəqədər təhsil hesab olunur
və təhsilin bir pilləsidir. Amma burda balans pozulub. Açıqlanan rəqəmlər
ciddidir və bu hallar aradan qaldırılmalıdır”.
Qeyd edək ki, audit 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il
tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr
tarixinədək keçirilib.