Uşaqlara hicab geyindirənlər cəzalandırılacaq? – “Yeni qaydada qaranlıq məqamlar çoxdur...”

15:00 / 15.04.2021
1243
Xəbər verdiyimiz kimi, "Dini etiqad azadlığı haqqında”
qanuna təklif edilən dəyişikliyə görə uşaqların dinə etiqad etməyə məcbur edilməsi
qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və
psixi sağlamlığına təsir göstərməməlidir.
Maraqlıdır, qərar özündə nələri ehtiva edir? Məcburiyyət
anlayışına yaşı çatmayan uşaqlara hicab geyindirilməsi məsələsi də aid ola bilərmi?
Sözügedən qaydaya əməl edilməzsə
hansı cəzalar tətbiq edilə bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı
Elşad Miri qanuna edilən dəyişikliyin aydın olmadığını bildirib. Müsahibimiz
"məcburiyyət" anlayışının uşaqların həyatında bir çox məsələlərdə yer
aldığını qeyd edib:
"Beynəlxalq hüquqda bir qayda var ki,
valideynlər övladlarına öz dini yanaşmalarını çatdıra bilərlər. Yeni qayda bu
baxımdan əvvəlki qayda ilə əlaqələndirilməlidir ki, arada ziddiyət var, ya yox.
Ümumiyyətlə, uşağa dinin məcbur qəbul etdirilməsini kim necə müəyyən edəcək?
Uşaqdan şikayət gələcək, yoxsa ətrafdakı şəxslər müdaxilə edəcək? Bu kimi məsələlərə
aidiyyatı qurumlar tərəfindən aydınlıq gətirilməlidir.
İslamda məcburiyyət anlayışı yoxdur. Lakin uşağı məcbur
etməsən məktəbə getməz, xəstə olanda dərman qəbul etməz və s. Çox güman ki,
azyaşlı uşaqlara hicab geyindirilməsi məsələsi də sözügedən qayda ilə ziddiyət
təşkil edəcək. Lakin uşaq özü könüllü olaraq bunu istəsə onda necə? Ümumiyyətlə
yeni qaydada belə qaranlıq məqamlar çoxdur və ətraflı aydınlıq gətirilməsi lazımdır".
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə sual ünvanladıq. Sorğumuza hər iki
qurumdan hələ ki, cavab yoxdur...
Əzizə Zeynal
Sfera.az