İranın Nüvə Mərkəzindəki partlayışı kim törədib? – “ABŞ-la danışığa məcbur olacaqlar”

İranın Nüvə Mərkəzindəki partlayışı kim törədib? – “ABŞ-la danışığa məcbur olacaqlar”
"İran geri çəkilərək, nüvə məsələsində beynəlxalq ictimaiyyətin şərtlərini qəbul etməyə məcbur olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında İranın Nətənz Nüvə Mərkəzində baş verən partlayışda kimlərin əli olması və olayın beynəlxalq nüvə danışıqlarına necə təsir edəcəyi ehtimalını dəyərləndirərkən "Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib:

"Bu partlayışı kimin törətdiyini demək çətindir. Amma İsraildə nəşr edilən qəzetlər yazır ki, hadisə "Mosad”ın kiberhücumu nəticəsində baş verib”.

Həmsöhbətimizin fikrincə, baş verən hadisə İranın nüvə obyektlərinin təhlükə mənbəyi olduğunu açıq şəkildə sübut edir: "Bu İran nüvə obyektində təhlükəsizlik sisteminin yarıtmaz vəziyyətdə olduğunun göstəricisidir. Deməli, İranın nüvə obyektinin təhlükəsizliyi yaxşı mühafizə olunmur. Tehran bunu etiraf etməlidir. Dərin və qalın bunkerlər qazıb nüvə müəssisələrini orada gizlətməklə təhlükəsizliyə təminat vermək olmaz. Müasir texnologiya ən dərin beton təbəqəsindən də keçir. Belə vəziyyətdə hansısa terrorçu təşkilat da obyektə rahat hücum edib, onu partlada bilər”. 
 
Politoloq qeyd edib ki, İranın nüvə mərkəzində baş vermiş partlayış oradakı işləri ən azı 9 aya qədər ləngidəcək. S. Soltan düşünür ki, bu məsələ Tehranı atom nüvə danışıqlarında beynəlxalq ictimaiyyətin şərtlərini qəbul etməyə zorlayacaq:"Düşünürəm ki, yaranmış vəziyyətdə İran iddialarından vaz keçərək ABŞ-la  danışıqlara getməyə məcbur olacaq. İran özünün nüvə obyektlərinə qapılarını açmalıdır”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR