Azərbaycanın hərb sənayesinin inkişafında yeni mərhələnin BAŞLANĞICI

Cəmiyyət
13:40 / 06.04.2021
843
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan ölkəsinin Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa
dair sazişi təsdiqləyib.
Qeyd edək ki, iki qardaş ölkə arasında müdafiə
sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrın 31-də
Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
altıncı iclasının gedişində imzalanıb.
4 il sonra qüvvəyə minən bu saziş müdafiə sənayesi
sahəsində hansı yeniliklər vəd edir? Azərbaycan və Türkiyə üçün bu sazişin
üstünlükləri nələrdir?
Məsələ ilə bağlı Sfera.az-a danışan hərbçi
ekspert İbrahim Rüstəmlinin fikrincə, bu saziş Türkiyə və Azərbaycanın, ümumiyyətlə
türkdilli xalqların hazırkı dünya düzənindəki mövqeyinə müsbət təsir edəcək:
"Azərbaycan müharibədən yenicə çıxıb. Amma müharibə bitməyib. Ayrı-ayrı ölkələr Azərbaycana qarşı siyasi-hərbi
müstəvidə təhdidlər səsləndirir. Bütün
bunlar gələcəkdə baş verməsi ehtimal olunan
konfliktlərin real olduğunu göstərir.
Belə vəziyyətdə hərbi sənayesi inkişaf edən, hərb sənətinin müasir
uğurlarını özündə nümayiş etdirən Türkiyə ilə əməkdaşlıq ölkəmiz üçün olduqca
mühüm əhəmiyyət kəsb edir”.
Həmsöhbətimiz bildirdi ki, 44 günlük müharibədə təkbaşına uğur qazansaq
da, bu uğurlarda dünya hərbinin ən müasir silahlarının da rolu olub: "Təbii ki,
bu silahlar içərisində İsrail və Türkiyədən alınan silahlar xüsusilə
seçildi. Hətta Türkiyə silahları hədəfi
vurmaq baxımından digər ölkə silahlarını xeyli geridə qoydu. Türkiyə bununla müasir hərb sənayesində xüsusi
yeri olan ölkə kimi özünü göstərdi”.
Elçin