“Təhsil Nazirliyi üzrxahlıq etməlidir” – Demişdilər bağlanmayacaq, amma...

10:29 / 05.04.2021
2932
Ötən gün Təhsil naziri Emin Amrullayev canlı
yayımında bildirdi ki, bağçaların bağlanması haqqında mətbuatda
xəbərlər çıxdı, amma bağçalar bağlanmır, işləyəcək.
Hazırda isə təzadlı situasiya yaranıb. Belə
ki, sosial mediada əksər valideynlər bağçaların işləmədiyini qeyd ediblər, o
cümlədən bağça əməkdaşları da çaşbaş vəziyyətdə qalıblar. Məlumata görə, işləməmə
səbəbi kimi peyvəndləmə prosesi göstərilib.
Başqa bir məsələ də var ki, qanuna görə,
bağçalar nazirliyin tabeliyinde deyil. Maraqlıdır, nazirin son açıqlamasını nə
dərəcədə doğru informasiya hesab etmək olar?
Təhsil eksperti Kamran Əsədov Sfera.az-a
açıqlamasında bildirib ki, bağçaların bağlanması ilə bağlı ötən həftə Təhsil Nazirliyi
tərəfindən elan olunan məsələ nazirliyin səlahiyyətindən kənardır:
"Ölkə başçısı İlham Əliyevin 2011-ci il sərəncamına əsasən, uşaq bağçaları və körpələr
evi Təhsil Nazirliyindən alınaraq müvafiq icra hakimiyyətlərinin tabeliyinə
verilib. Hazırda ölkədə 1672 uşaq bağçası və körpələr evi var. Həftənin şənbə
günü nazir Emin Əmrullayev çıxışında, o
cümlədən qurumun mətbuat şöbəsinin rəhbəri Cəsarət Valehov da 5 apreldən etibarən
uşaq bağçalarının bağlanmayacağını qeyd etdi. Hesab edirəm ki, bu bir az
publikaya yönəlmiş açıqlama idi. Çünki bu gündən etibarən ölkənin 5 bölgəsində
tədrisin distanta keçməsi ilə bağlı qərar ciddi narazılığa səbəb olmuşdu,
nazirlik müəyyən qədər özünü təmizə çıxarmağa, yenidən mövqeyini qaldırmağa
çalışırdı. Hazırda isə uşaq bağçalarının fəaliyyət göstərmədiyini görürük.
Bakının Binəqədi, Xətai, Yasamal rayonlarında bir neçə bağça ilə əlaqə saxladıq
və dedilər ki, "Biz Təhsil Nazirliyinə tabe deyilik, icra hakimiyyətinin qərarına
əsasən, fəaliyyətimizi dayandırmışıq”.
Nazirlər Kabinetinin fevralda verilmiş qərarına
əsasən, məktəblərin bağlanması, yəni təhsilalma formasının dəyişməsi ilə bağlı
səlahiyyətlər müvəqqəti pandemiya dövründə Təhsil nazirliyinə verilib. Amma
bütünlükdə bu, ancaq məktəblərə aiddir. Nazirlik hətta ali təhsil müəssisələri
ilə bağlı belə, qərarı universitetlərlə razılaşmaqla verirsə də, bağçalarla
bağlı ümumiyyətlə fikir bildirə bilməz.
Bu tipli açıqlamalar yalnız publikada müsbət imic yaratmağa yönəlib.
Lakin hesab edirəm ki, bu, yanlış nəticələndi ".
Günay Rəsulqızı
Sfera.az