Rusiya Ukraynada müharibəyə başlayacaq? – “Hərbi təzyiqlər görüntü xarakterlidir...”
16:29 / 01.04.2021
1824
Son günlər Rusiya və Ukrayna arasında münasibətlər
xüsusilə gərginləşib. Artıq gecə saatlarından etibarən Rusiya hava qüvvələrinə
aid texnikalar Ukrayna sərhəddi istiqamətinə göndərilib. Bundan əlavə, Rusiya
Donbass istiqamətinə zirehli texnika yığmağa başlayıb.
Maraqlıdır, gərginləşən münasibətlər fonunda nələr
gözlənilir? Azərbaycanın bu gərginliyə münasibəti necə olmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq
Miri Rusiya - Ukrayna münasibətlərinin kəskinləşməsini Rusiya ilə ABŞ arasındakı
gərginliklə əlaqələndirib:
"Ukrayna və Rusiya arasında baş verən gərginlik
ABŞ Rusiya münasibətləri konteksində baş verir. ABŞ-da Baydenin prezident seçilməsindən
sonra Rusiyaya münasibət tamamilə dəyişib. Bayden ABŞ-ın Tramp dönəmində qlobal
səviyyədə zərbə dəyən imicini yenidən bərpa etmək, "dünya hegemonu"
adını təkrar ABŞ-a qaytarmaq istəyir. Bu konteksdə ABŞ-a əngəl olan iki dünya gücü
var ki, bunlardan birincisi Çindirsə, ikincisi də Rusiyadır. Ayrıca olaraq
Rusiya bildiyiniz kimi Tramp dönəmində ABŞ-da prezident seçkilərinə ciddi müdaxilə
etmişdi. Bu yöndə Rusiya ABŞ demokratları tərəfindən davamlı olaraq ittiham
olunub. Buna görə də düşünürəm ki, Rusiyaya təzyiq vasitəsi olaraq ABŞ son
zamanlar münasibətləri gərgin müstəviyə daşımaqda maraqlı görünür".
N.Miri Ukrayna sərhədinə Rusiya tərəfindən qoşun yığılmasını
ABŞ-a təzyiq kimi qiymətləndirib: "Rusiya Ukrayna sərhədinə qoşun yığmaqla, dolaysıyla
ABŞ-a təzyiq etməyə çalışır. Biz Rusiyanın bu siyasətini təkcə Ukraynada yox,
Suriyada da müşahidə edirik. Belə ki, Rusiyanım dəstəklədiyi Əsəd rejimi son
zamanlar mülki şəxsləri, xəstəxanaları bombalamağa başlayıb. Bu faktın özü də
ABŞ-a bir növ güc nümayişidir ki, ABŞ Rusiyaya olan təzyiqləri dayandırsın. Bu
Rusiyanın siyasətir ki, hərbi böhran yaratsın və nəticədə geosiyasi maraqlarını
təmin etsin".
Müsahibimizin sözlərinə görə Rusiyanın Ukraynaya
qarşı etdikləri siyasi oyundur və sadəcə görüntü xarakteri daşıyır: "Rusiyanın Ukraynaya dövlət səviyyəsində hərbi
müdaxilə edəcəyini düşünmürəm. Çünki bunun nəticələri Rusiya üçün çox ağır ola
bilər. Sadəcə, Rusiya hərbi təzyiqləri görüntü xarakterli edir ki, geosiyasi
istəklərinə nail olsun".
Sfera.az
Əzizə Zeynal