Ermənilər hansı ölkələri özlərinə dost sayır? – Açıqlanan sorğu nəticələri və seçkilər
14:18 / 01.04.2021
901
"GALLUP International Association” mərkəzinin haylara verdiyi "Ermənistan hansı ölkə və
qurumlarla müttəfiqliyi gücləndirməlidir?” sualına respondetlərin cavabları çox
maraqlıdır və burada həm Minsk qrupu həmsədrlərinin indiyə qədər yeritdikləri
siyasət, həm də ikinci Qarabağ savaşının izi özünü açıq-aydın göstərir.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin
deputatı Sahib Alıyev deyib. O bildirib ki,
sorğuya əsasən, respondetlərin 62.9%-i Rusiya, 16.4%-i ABŞ, 6.4%-i isə
Fransayla müttəfiqliyi gücləndirməyin tərəfdarıdırlar
və yenə də Minsk qrupuna həmsədrlik edənləri özlərinin əsas havadarı sayırlar:
"Qurumlara gəldikdə, onların 5.2%-i Avropa Birliyinə, 0.7%-i NATO –ya üstünlük verirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
müttəfiq gözündə görənlər isə cəmisi
0.2%-dir. Görünür, bu qurum Vətən Müharibəsində onların gözləntilərini
doğrultmayıb, özbəklər, qazaxlar, qırğızlar, belaruslar, taciklər "məğlubedilməz hay ordusu” adı altında gəlib
yerlərinə vuruşmayıblar. Digərləri isə birinci Qarabağ savaşındakı qədər açıq və
effektli dəstək göstərməyib, yaxud da göstərə bilməyib”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Elxan Şahinoğlu sözügedən sorğu ilə bağlı qeyd edib ki, Mərkəzin keçirdiyi sorğunun nəticəsinə görə,
Ermənistanda parlament seçkisi bu həftə keçirilərsə, baş nazir Nikol Paşinyanın
"Mənim addımın” partiyası seçicilərin 31 faiz səsini qazanacaq:
"Ötən ay da eyni nəticə qeydə alınmışdı.
Paşinyanın partiyasının müharibədə ağır məğlubiyyətdən sonra reytinqi azalsa
da, o rəqiblərini yenə də dəfələrlə üstələyir. O biri qrupların sıralamasına nəzər
yetirək: Eks-prezidenti Robert Köçəryan
– 5.9%, "Çiçəklənən Ermənistan” – 4.4 %, "Respublika Partiyası” – 2.4%,
"Daşnaksütun Partiyası” – 2.1%, Vazgen Manukyanın lideri olduğu "Vətən Xilas Hərəkatı”
– 1%, digərləri isə sıfırın altındadırlar. Bu nəticə o deməkdir ki, Nikol
Paşinyanın partiyası iyundan sonra Ermənistan parlamentində yenidən çoxluğa
malik olacaq. Sadəcə əsas sual budur: "Paşinyanın əldə edəcəyi səslər ona təkbaşına
hökuməti formalaşdırmağa imkan verəcəkmi?”.
Bütün hallarda Nikol Paşinyan yeni hökumətin də əsas ortağı olacaq”.
Politoloqun sözlərinə görə, sorğu bir başqa rəqəmi
də ortaya qoyub: "Ermənistan vətəndaşlarının cəmi 41.2 faizi 20 iyun parlament
seçkisindən iştirak edəcəklərini bildiriblər. Paşinyan iyuna qədər daha çox tərəfdarını
seçkiyə həvəsləndirməlidir.
Günay Rəsulqızı