“Bizdə iki elektron hökumət portalı var...” – Niyə hələ də vətəndaşdan arayış tələb olunur?
13:37 / 01.04.2021
2823
"Uzun illərdir ki, ölkədə elektron hökumət
quruculuğu prosesi gedir, xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən
fərqli olaraq bizdə iki elektron hökumət portalı "eGov” və "MyGov” fəaliyyət
göstərir. Lakin dövlət qurumları vətəndaşla
bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə
etmək üçün ondan arayış tələb edir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan
İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, dövlət xidmətləri reyestrindən görünür
ki, ölkəmizdə təxminən 50-dək arayış
növü var:
"Ünvan haqqında, sağlamlıq haqqında, Prezident
təqaüdü barədə, staj və maaş barədə, "Sürücülüyə yararlı olmaq barədə” (Forma
AZS-83), bakalavrlar və magistirlər üçün ali məktəbdən arayış, Daşınmaz əmlakın
təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və yüklülüyünə dair arayış
(Forma 1, Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə
arayış (2 №-li forma), məhkumluğun olub olmaması barədə, itirilmiş sənədlərlə bağlı daxili işlər orqanının arayışı və.s.
Hazırda "MyGov”da aktiv olan xeyli sayda
arayışlar var ki, dövlət qurumları elektron formada olan bu arayışları
tanımaqdan imtina edir və kağız formada arayış tələb edir. Hansı ki, dövlət
qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir.
Əgər dövlət qurumları vətəndaşla bağlı
hansısa məlumatları, arayışları bir-birindən
onlayn formada əldə edə bilirlərsə, onda, nəinki, onun vətəndaşdan tələb edilməsi,
ümumiyyətlə qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru
olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin
inteqrasiyası başa çatdırılmalıdır”.
O.Gündüz bildirib ki, hazırda "eGov” sahəsində
ən ciddi problemlərdən biri budur və xeyli müddətdir problem öz həllini tapa
bilmir:
"Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət resurslarının inteqrasiyası üçün
konkret icra planı hazırlamalı və bu prosesi başa çatdrımaq üçün səyləri gücləndirməlidir.
Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və
bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir. Artıq rəqəmsallaşan informasiya xarakterli məlumatların
vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır.
Günay Rəsulqızı