Türkdilli dövlətlərin Zirvə görüşünün tarixi əhəmiyyəti – “Əməkdaşlıq daha güclü platformaya keçəcək"
12:26 / 01.04.2021
977
Xəbər verdiyimiz kimi, martın 31-də Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) videokonfrans vasitəsilə qeyri-rəsmi Zirvə Görüşü
keçirilib. Türk dövlətlərinin siyasi, hərbi və iqtisadi
birliyi çağdaş zamanın tələbi, tarixin diqtəsidir. Qarşılıqlı etimadın,
dostluğun və əməkdaşlığın genişlənməsi Türk dövlətlərini bu istiqamətdə daha
ciddi addımlar atmağa yönəldir. Bu baxımdan dünənki Zirvə Görüşünün əhəmiyyəti bir daha gündəmə gəlir.
Sfera.az xatırladır ki, TDƏŞ və ümumiyyətlə
türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin sürətlənməsində
Prezident İlham Əliyevin müstəsna rolu var. Azərbaycan lideri hakimiyyətə gələndən
bugünə qədər bu dövlətlər arasında birliyin güclənməsinə töhfələr verib. Nəticədə,
Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə, Mərkəzi Asiya ilə Avropa arasında körpüyə
çevrilib. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 31 martda
videokonfrans vasitəsiə keçirdiyi qeyri-rəsmi Zirvə Görüşü türkdilli dövlətlər
arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi
niyyətinin növbəti təzahürüdür.
Bununla bağlı Milli Məclisin deputatı Məlahət
İbrahimqızı saytımıza açıqlamasında ötən gündən bu günə qədər türkdilli dövlətlərin
hər keçirilən zirvə toplantısında böyük inkişaf olduğunu və şuraya daxil olan
dövlətlər arasındakı qardaşlığı, dostluğu daha da gücləndirdiyini bildirib:
"Ölkə başçısı da qeyd etdi ki, ötən il
pandemiya ilə əlaqəli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəkənar
Zirvə görüşü video formatda keçirildi. Hətta həmin videokonfransın tarixi əhəmiyyəti
və rolu var idi. Bu ilki görüş də eyni missiyanı daşıdı. Ötən dövrləri təhlil
edən zaman görürük ki, Türkmənistan artıq bu şurada müşahidəçi kimi iştirak
edir. Hətta Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğan da öz
çıxışında növbəti dəfə Türkmənistanın üzv kimi iştirak etməsini qeyd etdi.
Yaxud Macarıstan bilirsiniz, bu şurada müşahidəçi kimi iştirak edir. Yəni bu, gələcəkdə
türkdilli dövlətlərin əməkdaşlığının güclü platformaya keçəcəyinə tam zəmin
yaradır.
Prezident İlham Əliyev çıxışında gözəl məqamlara
toxundu. Ölkə başçısı Azərbaycanın qazandığı qələbədə təkcə öz torpaqlarını
azad etmədiyini, eyni zamanda qədim Azərbaycan torpağı Zəngəzurun indi türk
dünyasının birləşməsi rolunu oynayacağını, bunun böyük əhəmiyyətə malik
olduğunu da bildirdi. Hətta dövlət başçısı bunu obrazlı ifadə etdi və dedi ki,
vaxtilə Sovet dövründə bolşevik erməniləri, onları dəstəkləyənlərin səyi ilə Zəngəzuru
Ermənistana vermişdilər. Prezident Zəngəzurun işğalını Türk Dünyasına vurulan xəncər
kimi qeyd etdi. Bu baxımdan Zəngəzur dəhlizi Orta Asiyada olan türk toplumu ilə
əlaqələrimizin güclənməsində ciddi rol oynayacaq. Xüsusilə də Türkiyə - Azərbaycan
və Xəzər dənizi vasitəsilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan.
Hesab edirəm ki, bu əlaqələr yaxın gələcəkdə daha yüksək səviyyədə olacaq. Necə
ki, Azərbaycan Türkiyə arasında bu gün elə bir sahə yoxdur ki, orada yüksək əlaqələrimiz
olmasın. Artıq bilirsiniz, bu gündən etibarən Azərbaycandan Türkiyəyə, o cümlədən
əks istiqamətə, vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Əminəm
ki, qısa müddət ərzində Azərbaycanla Orta Asiyada yerləşən türk cümhuriyyətləri
ilə əlaqələr də bu səviyyədə olacaq”.
M.İbrahimqızı həmçinin Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının gələcəyi ilə bağlı gözləntilərindən də söz açıb:
"Biz Azərbaycan ictimaiyyəti olaraq, 44 günlük
Vətən Mübaribəsində Türkiyənin Azərbaycanı yüksək səviyyədə dəstəklədiyi kimi,
digər ölkələrin – Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın da bu cür
addım atmasını gözləyirik. Ölkə başçısı çıxışında müharibə başlayanda Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının bu haqlı davada Azərbaycanı dəstəklədiyini
bildirmişdi. Amma Azərbaycan cəmiyyəti gözləyir ki, digər türkdilli ölkələrlə
münasibət eynilə Türkiyə-Azərbaycan arasındakı əlaqələr kimi olsun. Arzu edərdik
ki, Ərdoğanın Şuşaya olacaq səfəri fonunda türk konseyinə daxil olan, türk
dilində danışan bu dövlətlərin başçıları da görüşlərdə bərabər iştirak etsinlər”.
Günay