“Ərdoğanın Şuşaya gəlməsi dünyaya mesajdır...” - Deputat
11:15 / 01.04.2021
1126
"Türkiyə prezindenti Rəcəp Tayyib Ərdoğanın
Şuşaya gəlişi dost-qardaş ölkə rəhbərinin xoşməramlı gəlişidir. Bu, bir daha
işğalçılara, düşmənlərə və onların havadarlarına çox ciddi mesajdır ki, Azərbaycanın
yanında güclü Türkiyə dövləti var. Bütün məsələlərdə, o cümlədən özlərinin təhlükəsizliyini,
müdafiəsini təmin etmək üçün də bu iki dövlət birlikdə hərəkət edir. 44 günlük
müharibədə də biz bunun əyani şahidi olduq”.
O bildirib ki,
Türkiyə dövlətinin başçısının Şuşaya səfər planı çox məqamlardan xəbər
verir:
"Yəni bu, Şuşanın həqiqətən tarixi Azərbaycan
torpağı, mədəniyyət mərkəzi, tarixi şəhər olduğunun nümunəsidir. Şuşaya səfər
elə belə məsələ deyil. Hesab edirəm ki, həmin gediş zamanı Şuşada böyük bayram
tədbirləri keçiriləcək. Bu, dünyaya mesaj olacaq. Ərdoğanın səfəri həmçinin "Kimin burada hansı
missiyanı icra etməsindən asılı olmayaraq, Şuşa və digər ərazilərimiz Azərbaycan
torpağıdır” mesajını ötürəcək. Biz burdayıq və heç kimin kimlərinsə xeyrinə
özbaşınalıq etməsinə yol verməyəcəyik. Təbii
ki, Şuşaya səfər qürurverici və sevindirici olacaq”.
Müsahibimiz ötən gün Rusiya müdafiə nazirinin
müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndiyə səfəri məsələsinə də
toxunub:
"Bununla bağlı diplomatiyadan kənar fikrimi
deyəcəm. Hesab edirəm ki, son 250 illik tarixdə olduğu kimi bu gün də deyəsən,
şimaldan bizə tərəf soyuq küləklər əsməyə başlayır. Onlar belə bir xülyaya
qapılırlar ki, müəyyən ərazidə nə istəsə edə bilərlər, kim nə vaxt istəsə, gəlib
gedər və ya istənilən oyundan çıxa bilər. Təhlükəli məqamlar var. Rusiya deyəsən,
yenidən Qarabağda olan erməniləri, eyni zamanda Ermənistanı hərbi və başqa cəhətdən
gücləndirmək niyyətinə düşüb. Çünki bu onların tarixi missiyasıdır. Biz şimal
qonşumuzdan həmişə bizə qarşı ermənilərlə münasibətdə bu məqamların şahidi
olmuşuq. Tariximizə nəzər salıb bu gün ondan ciddi nəticələr çıxarmalıyıq,
ehtiyatı əldən verməməliyik.
Qeyd edək ki, R.T.Ərdoğan ötən gün Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında Ramazan bayramı sonrası Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək niyyətində olduğunu deyib.
Günay Rəsulqızı