Mediada əks-səda doğuran yazılara baxmayaraq, hakim partiyadakı millət vəkilləri Qrund və Vayler erməni "oğru dünyası” ilə şübhəli əlaqələrindən ictimaiyyətə açıqlama vermədilər. Belə görünürdü ki, Alman mətbuatı Azərbaycana yaxşı münasibət bəsləyən millət vəkilləri məsələsində olduğu kimi, erməni mafiyası ilə oturub-duran deputatlar haqqında mütəmadi yazılar verməli idi. Lakin izahı olmayan nələrsə baş verir: sanki sehrli bir çubuqla bu iş mediada tez bir zamanda ört-basdır edilir. Məhkəmələr və jurnalistlər Ermənistanın mafioz səfiri Aşot Smbatyanın birdən-birə "təqsirsizlik prezumpsiyası”nı və hətta "işgüzar nüfuzu”nu xatırlayır. Yəni aparıcı Avropa demokratiyası öz jurnalistlərinə Smbatyan haqqında mafiya işi kontekstində araşdırma aparmağı və məqalələr dərc etməyi sadəcə qadağan edir.
Bundan sonra Almaniya dövlətinin qərəzsizliyinə və Almaniya mediasının obyektivliyinə inanmaq olarmı? "Spiegel” və MDR tərəfindən 2018-ci ilin noyabr ayında birgə araşdırması dərc edildikdən sonra erməni mafiyası mövzusu Almaniyanın informasiya sahəsində mövcud idi, lakin bunun Manfred Qrund, Albert Vayler və onların erməni işçiləri üçün heç bir nəticəsi olmadı. Alman Kriminal Polisi (BKA) tərəfindən FATİL ("Fight against thieves in law”) adlı erməni cinayətkar qruplarına qarşı mübarizəyə yönəlmiş istintaq dövlətdən maliyyə çatışmazlığı üzündən... dayandırıldı. Necə deyərlər, şərhsiz: Siyasi iradə olsaydı Avropanın ən varlı ölkəsi belə bir araşdırma üçün pul tapa bilərdi.
Süni tənəffüs aparatı tədarük etmək pisdir, amma erməni mafiyası üçün işləmək yaxşıdır?
Ədalət naminə qeyd etmək lazımdır ki, özəl söhbətlərdə bəzi alman mütəxəssislər və politoloqlar Azərbaycan lobbiçiliyi ilə bağlı hazırkı kampaniyada rəsmi Bakının günahkar olmadığını və Qarabağ amilinin indiki vəziyyətdə rol oynamadığını təkrarlamaqdan usanmırlar. Problem sanki daxili Almaniya siyasi mətbəxindədir: Angela Merkel bu payızda siyasi səhnədən gedəcək və indi sosialistlər və "yaşıl”ların təmsil olunduğu sol spektr Xristian Demokrat İttifaqının (XDİ) 16 illik fasiləsiz hökmranlığından sonra hakimiyyətə can atır. Almaniyadakı jurnalistlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyirlər və bu gün deyilənə görə, Azərbaycan yalnız daxili siyasi mübarizədə bir vasitədir, lakin kampaniyanın məqsədi deyil.
Lakin burada sual yaranır, niyə siyasi mübarizədə erməni mafiyasına işləməkdə şübhəli bilinən XDİ-dan olan Almaniya deputatları ilə bağlı qalmaqal "vasitə” kimi istifadə edilmir?
Nəcə də olsa bu mövzü Almaniyadan Azərbaycana süni tənəffüs aparatlarının tədarükünün guya "siyasi motivli” olması ilə bağlı bir məqalədən daha samballı bir hekayədir. Üstəlik "siyasi motiv” barədə iddialar həm təchizatçı şirkət, həm də Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən dərhal təkzib edilib.
Gəlin indi Alman mediasının məntiqini anlayın: Azərbaycana ventilyator göndərmək olmaz, ancaq ən çirkin, qanunsuz bizneslə məşğul olan erməni mafiyası ilə işləmək olar.
Berlin bölgədən geri çəkilməyə imza atıb?
Azərbaycana edilən informasiya hücumlarında və onu Bakını dəstəkləmək istəyən hər hansı bir Almaniya siyasətçisi üçün məqsədyönlü şəkildə "zəhərli bir ölkəyə” çevirmək kampaniyasında Almaniya hələ də əsas suala cavab verməyib: "Azərbaycan şəbəkəsi” ölkə üçün hansı təhlükəli və ya neqativ fəaliyyəti ilə yadda qalıb? Məsələn, təqiblərə dözməyərək bu yaxınlarda ürək böhranından qəflətən vəfat edən Bundestaqın millət vəkili Karin Ştrençin "günah”ı nə idi? Alman mediası öz zəhərli yazılarında bu gün də onun məzarı üzərində oynamağa davam edir. Yeri gəlmişkə, Ştrenç açıq şəkildə "Avropanın siyasi əxlaqi”nı nəzərə almadan Ermənistanı işğalçı adlandıran və ondan birbaşa Azərbaycan ərazilərindən çıxmağı tələb etmək cəsarəti və xarizması olan nadir siyasətçilərdən biri idi. Görünür, bunun üçün onu hələ də bağışlamayıblar.
Məgər məhz Almaniyanın özü Azərbaycanın Ermənistana qarşı 44 günlük müharibəsinin başlamasına az qalmış Avropanın ən böyük ölkələri arasında qondarma "DQR səfirlikləri”ni bağlayan ilk ölkə deyilmi? Berlin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb, ancaq 2020-ci ildə müharibə başladıqdan sonra Almaniya tarixinin ən qeyri-populyar Xarici İşlər naziri Heiko Maas çox axmaq diplomatik addım atdı: Azərbaycan hücuma dərhal son qoymasa, Bakını Dağlıq Qarabağ münaqişəsində Ermənistanın lehinə "Almaniyanın bitərəfliyini yenidən nəzərdən keçirməklə” təhdid etdi.
Gözlənildiyi kimi, İlham Əliyev Berlinin və digər dünya paytaxtlarının hay-küylərinə baxmayaraq, 10 noyabr 2020-ci ildə erməniləri təslim olmağa məcbur edənə qədər Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etmək uğrunda əməliyyatını dayandırmadı.
Nəticədə, münaqişənin qorunub saxlanılmasına və erməni işğalına səssiz dəstək verən Avropa yeni Qafqaz reallıqlarından kənarda qaldı. Xarici siyasətdəki sərt ermənipərəst mövqeyi ilə seçilən Parisin belə bir aqibətdən kənar qalması çətin olsa da, Berlinin Bakı ilə etibarlı münasibətlərini davam etdirmək və hətta yeni səviyyəyə qaldırmaq üçün hər şansı var idi. Ancaq görünən odur ki, Almaniya Azərbaycanın ona uzatdığı dostluq əlini havada qoymağa və bölgədəki fəaliyyətini mütləq minimuma endirməyə qərar verib. Bu o deməkdir ki, Almaniya fondlarının ölkəmizdəki, münaqişədən sonrakı tənzimlənmədə fəaliyyəti, eləcə də Almaniya şirkətlərinin işğal olunmuş ərazilərin bərpasında iştirakı kimi məsələlər digər Avropa ölkələri də daxil olmaqla daha çox dost münasibət bəsləyən ölkələrin xeyrinə gündəmdən çıxarılır.