BP Azərbaycandan çıxardığı neftin həcmini açıqladı
2016-cı ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 137 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənib.
Bu barədə Oxu.Az "BP-Azerbaijan” şirkətinin açıqladığı "Biznes əməliyyatları” hesabatına istinadən xəbər verir.
"İlin birinci rübündə AÇG-dən hasilat stabil, təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (155 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (69 000), Dərinsulu Günəşli (139 000) və Qərbi Çıraq (126 000) platformalarından birlikdə – gündə orta hesabla 651 000 barel və ya ümumilikdə 59 milyon bareldən artıq, yəni 8 milyon ton təşkil edib.
Rübün sonunda AÇG-də ümumilikdə 95 neft hasilat quyusu, 41 qaz və su injektor quyusu istismarda idi.
Anoloji dövrdə AÇG-də 5 neft hasilat quyusu və 2 suvurma quyusu qazılıb”, – deyə şirkətdən qeyd edilib.
Bundan başqa, şirkət AÇG-dən SOCAR-a verilən səmt qazının həcmini də açıqlayıb:
"2016-cı ilin birinci rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,6 milyon kubmetr, ümumilkdə isə 692 milyon kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).