Məktəblərdə müəllimlərin əksəriyyəti niyə qadınlardır? – Psixoloq şərhi

16:54 / 09.03.2021
1959
Ölkə üzrə orta məktəblərdə çalışan 150 min müəllimin
83 faizi qadınlardır. Həmçinin Bakı şəhəri üzrə 308 məktəb direktorundan 205-i
qadın, 103-ü kişi direktordur. Bölgələrdə isə 1070 məktəbdə direktor qadın,
2141 məktəbin direktoru kişidir. Maraqlıdır ki, elə uşaqlıqdan qadınlara daha
çox müəllim obrazı yaraşdırılır. Sanki bu peşə onlar üçün yaradılıb. Eyni
zamanda əksər qadınlar da müəllim olmağa can atırlar.
Niyə qadınlar əsasən müəllim peşəsini daha çox
seçir? Məsələnin psixoloji kökləri nələrdir?
Bununla bağlı psixoloq Lalə Cəfərova
Sfera.az-a açıqlamasında bildirib ki, biz uşaqlığımızda bir yaş dövrünə kimi
cinsiyyət ayrımı olmadan böyüyürük: "Amma bir müddət keçdikdən sonra qız
uşaqları ataları kimi olmadığını, oğlan uşaqları isə anaları kimi olmadıqlarını
başa düşürlər. Qızlar özlərindəki kişi xüsusiyyətini, oğlanlar isə qadın
xüsusiyyətlərini şüuraltına sıxışdırırlar. Buna biz "anima” və "animus”
kompleksi deyirik. Qadınlarda bu, "animus”, kişilərdə "anima” adlanır. İnkişaf
mərhələsindən keçib qarşı cinslə münasibətlərə girmək vaxtı çatdıqda bu
kompleks qarşı tərəfin aynasında özünü göstərməyə başlayır. Münasibət quran
zaman vəziyyət o yerə çatır ki, bu kompleks şüuraltından çıxıb xarakterimizin
bir parçasına çevrilir. Qadınlarda da, kişilərdə də bu kompleksin 5 mərhələsi
var.
Kompleksin birinci mərhələsində qadınlar kişilərə
özgə biri kimi baxırlar. Kişilərdən həm qorxurlar, nifrət edirlər, həm də
onları sevirlər. Anlaya bilmədikləri maraq var. Bu dövrdə qadınlar münasibətlərində
çətinlik çəkirlər, o cümlədən bu, iş həyatına da təsir edir.
Adətən bu mərhələdə olan qadınlar daha çox müəllim,
tibb bacısı kimi qadınların çoxluq təşkil etdiyi ortamlarda özlərini rahat hiss
edirlər. Qadın mərkəzli işlərdə onlar güclü qadın kimi dururlar. Ancaq bir az sərhədləri
aşandan sonra, yəni kişilərin də mövcud olduğu ortamlarda bu cür qadınlar geri
çəkilirlər. Funksional toplum yaratma vəzifəsini ya kişilərə buraxırlar, ya da
psixoloji olaraq daha sağlam, yaş keçirmiş, "animos” kompleksinin irəli mərhələlərində
olan qadınlara təhvil verirlər”.
Psixoloqun sözlərinə görə, cəmiyyətimizdə
ümumiyyətlə, qadınların əksəriyyəti "animus” kompleksinin birinci mərhələsindədirlər:"Ona görə də bu cür işlərdə qadınların çox olmağı məntiqlidir. Eyni zamanda Azərbaycanda
qadınlara müəllimə peşəsini yaraşdırırlar. Çünki qadın müəllimə olsa, günortaya
kimi işləyəcək, sonra ailəsinə baxacaq, ev işlərini görə biləcək və.s. Yəni, həm
evə pul gətirər, həm də evinin işini görər. İndiki dövrdə bunu qadınların
inkişafı kimi qələmə verirlər. Sanki qadınların cəmiyyətdə aktivliyi çoxalıb,
artıq direktorlar qadınlardır, yaxud vəzifəli yerlərdə qadınları da görmək
olur. Bu, inkişaf deyil. Qadının inkişafı öz həmcinsinin yanında inkişafı demək
deyil. Qadın həm də qarşı cinsin olduğu yerlərdə özünü ifadə etməyi
bacarmalıdır.
Güclü xarakterli qadın deyəndə öz məsuliyyətini
boynuna alan və "avtoritar” qadınları nəzərdə tuturuq. Mənəvi olaraq öz həyatının
məsuliyyətini, duyğularını idarə etməyi bacarır, problemlə qarşılaşanda
emosional deyil, daha təmkinli olur, cəmiyyətdə var olmaq, status qazanmaq üçün
hansısa kişiyə ehtiyac duymur. Əlbəttə , kişiləri sevir, onlara qarşı bir istəyi
olur, amma həmin qadınlar kişidən bu cür istifadə etmirlər. Belə qadınlar
psixoloji olaraq sağlam, tam, bütündür. Onlar kişilərdən həm qorxurlar, həm
nifrət edirlər, həm də onlara möhtac olduqlarını hiss edirlər”.
L.Cəfərova bildirib ki, güclü qadın kişi kimi
olan qadın deyil: "Qadın kimi qadındır, kişilərlə münasibətində də özünü qadın
kimi aparır. Qeyd etdiyim kimi, hazırda qadınlarımız "animus” kompleksinin hələ
birinci mərhələsindədirlər. İnkişafın getməsi üçün isə cəmiyyətdə şərait
olmalıdır. Müşahidələrimə əsasən, kişilərimiz
"anima” kompleksinin ya ikinci ya da ən yaxşı halda üçüncü mərhələsindədirlər.
Səbəb isə tərbiyədə qüsurların
olmasıdır. Qızları çox sıxaraq böyüdürük, "onu etmə”, "bura getmə”, "bunu
geyinmə” və.s deyərək tərbiyəni onu basqılamaqda görürük. Kişilər də həmçinin
elə. Digər ölkələrə nisbətən bu kompleksin öhdəsindən gələ bilmirik. Mən qadın
olaraq "animos” kompleksimi şüura gətirə bilirəmsə, artıq kişi tərəfimlə bütünləşmişəm
və kişilərlə münasibətdə onları daha yaxşı başa düşürəm. Eyni zamanda kişi
"animo” kompleksini şüura gətiribsə, qadın tərəfi ilə bütünləşib.
Məktəblərdə qadınların bu qədər çox olması,
evdə ana , məktəbdə qadın müəllimlərlə ünsiyyəti yaxşı bir şeydirmi? Qadın
obrazının bu cür hakim olması dominantlıq deyil. Çünki biz həm kişi, həm də
qadın olaraq yaradılmışıq və bərabərhüquqlu olmalıyıq”.
Günay Rəsulqızı
Sfera.az