“Qar bir neçə gün davam etsə, iflic vəziyyətə düşəcəyik” – Bakı yenə hazırlıqsız yaxalandı

“Qar bir neçə gün davam etsə, iflic vəziyyətə düşəcəyik” – Bakı yenə hazırlıqsız yaxalandı
"Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb”.

Bunu Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib. Həmçinin Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə isə, paytaxtda bu saata qədər 25 yol qəza hadisəsi baş verib.
 
Maraqlıdır ki, bir neçə gün öncədən edilən hava xəbərdarlığa baxmayaraq Bakı yolları yenə də hazırlıqsızdı. Necə deyərlər, Bakıya qar ələndi, başımıza kül. Aidiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçsələr də, qar yenə bizi qəfil yaxaladı.
 
Dünyanın bir sıra ölkələrində günlərlə, hətta aylarla qar-çovğun olsa da, nəqliyyat bizdəki kimi iflic vəziyyətdə olmur. Bəs görəsən, günahkar kimdir? Niyə bu cür havalarda insanlar çətinliklə qarşılaşmalı olurlar?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Fazil Mustafa bildirib ki, vəziyyətin bu cür olmasında yol infrastrukturunun qurulmasına məsul olanlar günahkardırlar:
 
"Bu elə bir məsələdir ki, məsuliyyətin kimin üzərində olduğunu bölüşməmişik. Bələdiyyə qurumu yox, icra qurumlarının da müəyyən dərəcədə əhali ilə əlçatan ünsiyyəti yoxdur. Məsələn, dünəndən insanlara bunu ayrıca təlqin etmək lazım idi ki, həqiqətən nə baş verə biləcək. Bugünkü çovğun onu göstərir ki, eyni hal bir neçə gün davam etsə, biz tamamilə iflic vəziyyətə düşəcəyik”.

Deputat qeyd edib ki, kommunal sferada idarəçiliyin dəyişməsinə ehtiyac var: "Çətinlik buradan qaynaqlanır. Bakı şəhər bələdiyyəsini yaratmaq, məsuliyyət daşıyan və bütün nəqliyyat qurumlarını onun nəzarətinə vermək lazımdır. Bu formada da həm yolların təmizlənməsi, həm də nəqliyyatın işləməsini təmin etsinlər. Dünyanın hər yerində sərt hava şəraiti olur. Təsəvvür edin, bu cür hava Sibirdə, Moskvada hər gün müşahidə edilir. Açığı, bütün məsələlərdə olduğu kimi, bunda da hazırlıqsız yaxalanırıq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntı fevralın 25-i şəhər saatlarından başlayaraq səngiyərək, tədricən kəsəcək.

Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR