“Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək” – 8 Mart hazırlıqları “Whatsapp” qruplarında
12:21 / 22.02.2021
3724
8 mart
Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Təəssüf ki, yenidən orta məktəblərdə şagirdlərdən
"ənənəvi" pul yığılması halları müşahidə olunur. Təhsil Nazirliyi bu
kimi hallara qarşı mübarizə apardığını dəfələrlə bəyan etsə də, neqativ hallar
yenə qalmaqdadır.
Təhsil
eksperti Kamran Əsədov problemlə bağlı Sfera.az-a danışarkən bildirib ki, bu
cür hallara daha çox Bakı məktəblərində rast gəlinir:
"Bizə də kifayət
qədər müraciətlər daxil olur - xüsusilə Bakının bir neçə məktəblərindən.
Regionlarda isə bu hallara rast gəlinmir. Paytaxt məktəblərində əlamətdar günlərlə
bağlı xüsusi iclaslar təşkil edilir. Əvvəllər bunu direktor, direktor müavinləri,
sinif rəhbərləri edirdi. İndi valideyn-müəllim şurası yaradıblar, komitə adı
veriblər və onlar "Whatsapp” qruplarında bu istiqamətdə valideynlərlə əlaqə
yaradırlar”.
Ekspertin
sözlərinə görə, bir neçə məktəblərdə uşaqlar pandemiyaya görə dərsə getməsələr
də, maraqlı hallar baş verib:
"Belə
ki, müəllimin bank hesabının nömrəsi qruplara atılır və pulun ödənilməsi tələb
edilir. Sanki məktəblərimiz şadlıq sarayıdır və kimsə gəlib nəmər yazdırır. Bu,
iyrənc haldır. İstənilən valideyn imkanı çərçivəsində övladının müəlliminə təşəkkürünü
bildirir. Kimisi bunu hədiyyə almaqla da edə bilər. Amma bayramlara görə konkret
məbləğin müəyyənləşdirilməsi və yığılması iyrəncdir.
Problem nəzarət və cəza
mexanizminin olmamasıdır. Məktəblərlə bağlı mütəmadi olaraq şikayətlər daxil
olur və bu araşdırılmır. Tutaq ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi
bu istiqamətdə ümumi məlumat deyil, konkret fakt tələb edirlər. Amma faktlar
aşkara çıxarsa, məktəbdə həmin uşağın başına nə oyun açılacağını hər kəs bilir.
Ciddi nəzarət mexanizmi olmalı, müraciət daxil olan kimi araşdırma
aparılmalıdır. Təbii ki, məktəbə hansısa qurumdan nümayəndə gələndə orada işləyənlər
narahat olacaqlar, bu hallara son qoyulacaq”.
Müsahibimiz
qeyd edib ki, Təhsil nazirliyi uzun müddətdir, bir prinsiplə işləyir:
"Nazirlik
bildirir ki, anonim müraciətlər qəbul edilmir. Anonim müraciətlər isə
nazirliyin şəffaflığına inanılmadığına görə edilir. Qorxurlar ki, bundan sonra
uşaq daha da sıxışdırılsın, bu zaman isə nazirlik həmin şagirdin yanında
olmayacaq. Bu gün orta ümumtəhsil məktəblərində bu və ya digər məqsədlər üçün
pul yığılması aidiyyatı qurumların öz işlərini görməməsinin nəticəsidir.
K.Əsədov
konkret fakt göstərərək sözlərinə belə davam edib: ”Bizə məktəblərin birində 50
manat yığılması ilə bağlı müraciət daxil olmuşdu. İmkanı zəif olan şagirdlərdən
biri 50 deyil, 20 manat verib və müəllim həmin pulu uşağın başına çırpıb ki, bunu
nə edirəm? Valideynlər sosial şəbəkələrdə faktları yazmasalar, jurnalistlər məsələni
işıqlandırmasalar, problem həllini tapmayacaq. Nazirliyin özünün alt
qurumlarını idarə etmək gücü yoxdursa, o zaman insanlar nə etsin? Qarşıdan 8
mart Beynəlxalq Qadınlar günü gəlir və 4447 orta ümumtəhsil müəssislərində
çalışan işçilərin 81 faizini qadınlar təşkil edir. 1,6 milyon şagird var. Təsəvvür
edin, Bakıda 440 min şagird mövcuddur və ən çox pul yığımı buradadır. Hətta
xüsusi qiymətlər qoyulub. Hesab edirəm ki, ciddi cəza tədbirlər görülməlidir –
işdən azad etmək, şiddətli töhmət və.s. Bəlkə bundan sonra nəyinsə qarşısını
almaq olar.
Günay Rəsulqızı
Sfera.az