"Əyani təhsilə tam keçid ancaq bu yolla mümkün olacaq" - Həkimdən ÇAĞIRIŞ
15:59 / 16.02.2021
1983
Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən bəzi
universitetlərdə, həmçinin yuxarı siniflər üzrə əyani tədris bərpa olunub.
Qeyd edək ki, ali təhsil müəsssisələrində praktika
tələb edən ixtisaslar üzrə müvafiq laboratoriya və xüsusi təchiz edilmiş
auditoriyalarda əyani təhsil həyata keçirilir. Bir neçə ixtisas xaricində digər
tələbələr əvvəlki qaydada onlayn şəkildə evdən təhsilini davam etdirir.
Artıq bir ilə yaxındır, ali məktəblərdə tədrisin
distant formada təşkil olunduğunu nəzərə alsaq, əvvəlki rejimə qayıtmaqla bağlı
tələbələrin narahatlığının olması təbiidir. Artıq bütün tələbələr universitetlərə
qayıtmaq arzusundadır, elə müəllimlər də...
Bəs, universitetlər üzrə əyani təhsilə tam keçid nə
zaman mümkün olacaq?
Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri
İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev əyani təhsilə tam
keçidin iki halda mümkün olacağını bildirib:
"Bu gedişlə yoluxmanın artma ehtimalı var. Çünki
proses düzgün tənzimlənmir. Əgər universitetləri, bağçaları, məktəbləri qismən
açırıqsa, insanları da ictimai nəqliyyatla təmin etməliyik. Biz yumşalmaya
getmişik, lakin metro açılmayıb. Bu da avtobuslarda sıxlıq yaradıb və belə olan
halda yoluxmanın artacağı gözləniləndir.
Metronun açılması
və avtobus sayının artırılması ilkin tədbirlərdəndir. Bildiyiniz kimi, virusun yeni növü yayılmaqdadır.
Yeni növ virus bəlkə də Azərbaycanda da var, amma bizdə bunu aşkar edəcək aparat olmadığı üçün hələ ki, təsdiqlənməyib. Bu baxımdan maksimum dərəcədə
diqqətli olub insanların sıx şəkildə toplaşmasına qarşı olmalı, günün pik
saatlarında nəqliyyatda ciddi sıxlığın yaranmamasına çalışmalıyıq. Peyvəndlənmə
intensiv şəkildə aparılarsa və metro açılarsa o zaman əyani tədrisə tamamilə keçid
etmək olar".
Əzizə Zeynal