İnflyasiya nə qədər olsa yaxşıdır? – AÇIQLAMA

12:59 / 04.02.2021
1455
İqtisadiyyatın
sağlam inkişafı üçün, aktivliyi təmin etmək məqsədilə inflyasiyanın müəyyən
səviyyədə tənzimlənməsi vacibdir. Bu prinsipə görə inflyasiyanın ümumi səviyyəsi
elə həddə idarə edilməlidir ki, iqtisadiyyat üçün əlverişli olsun.
Bəs, hansı
səviyyədə inflyasiya iqtisadiyyat üçün əlverişlidir?
Sualla bağlı
Sfera.az saytına fikirlərini bildirən iqtisadçı-ekspert Fuad İbrahimov hesab
edir ki, inflyasiyanın mənfi və müsbət cəhətləri var. Onun sözlərinə görə inflyasiya
səviyyəsinin əhəmiyyəti iqtisadiyyatın vəziyyətindən asılı olur: "Makroiqtisadi
tarazlıq olan dövrlərdə inflyasiyanı yüksəltməklə iqtisadiyyatı stimullaşdırırlar.
Amma böhran vəziyyətində inflyasiyanın mümkün qədər aşağı olması vacibdir.
2020-ci ildə dünyada pandemiya yayılıb. Bununla əlaqədar əksər iqtisadiyyatlar
böhran keçirir. Belə vəziyyətdə inflyasiya mümkün qədər aşağı olarsa, daha
əlverişlidir”.
İnflyasiyanın
proqnozlaşdırılan səviyyədə qalmasının əsas məsələ olduğunu deyən ekspert
düşünür ki, ölkəmizdə inflyasiya göstəriciləri əsasən proqnozlaşdırılan səviyyə
uyğun formalaşır. "Bu halda inflyasiyanı idarə etmək daha asan olur”, -
söyləyən F.İbrahimov Azərbaycan iqtisadiyyatına 5 faizdən yuxarı inflyasiyanın
mənfi təsir göstərdiyini bildirib.
İqtisadçı-ekspert
Natiq Cəfərlinin fikrincə iqtisadiyyat üçün inflyasiyanın çox yüksək və çox
aşağı olması problem yaradır. Onun qənaətincə ölkə ərazisində istehsal və
xidmətlə məşğul olanlar üçün ən yaxşı inflyasiya səviyyəsi 2-5 faiz intervalıdır:"Qiymət artımının bu intervalda olması mal və xidmətlərin istehsalının
genişlənməsi üçün əlavə stimul yaradır. Ona görə də ABŞ-ın və Avropa Birliyinin
mərkəzi bankları hədəf kimi heç olmasa 2 faizlik inflyasiyanı qoyublar”.
Vasif
Sfera.az