Qazanmaq istəyirdilər - İkiqat ziyana düşdülər

Dünya
19:07 / 04.01.2021
4313
Bolqarıstanın Qabrovo şəhərinin rəhbərliyi Yeni ilə qənaət etdiyi üçün cərimələnib.
Sfera.az RİA.Novostiyə istinadən xəbər verir ki, Bolqarıstan Milli Radiosunun verdiyi məlumata görə, sakinləri qənaətcilliyi ilə tanınan Bolqarıstanın Qabrovo şəhərinin rəhbərliyi Yeni il şənliklərində qənaət etməyə çalşıblar, amma nəticədə sanitariya müfəttişliyi tərəfindən cərimə olunublar.
Qabrovoda bir neçə ildir ki, aktyorların qonorarından qənaət etmək məqsədilə ümumdünya bayramını 31 dekabrda deyil, bir gün əvvəl təşkil etmək ənənəsi müşahidə olunur. Amma ötən həftə şəhərin mərkəzində keçirilən konsert, COVID-19-un yayılmasına qarşı mübarizə şəraitində sanitariya təhlükəsizliyi qaydalarını pozduğu üçün ölkə hakimiyyətinin qınağına tuş gəlib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirə minlərlə tamaşaçı toplaşıb və əksəriyyəti qoruyucu maska taxmağı lazım bilməyib.
Yerli səhiyyə müfəttişliyinin hesabatı əsasında Qabrovo icmasına qarşı epidemiya əleyhinə tədbirlərin pozulmasına dair protokol tərtib edilib və maksimal cərimə müəyyən olunub. Cərimənin məbləği üç min lev təşkil edəcək. (təxminən 1,9 min dollar).
Məlum olduğu kimi, Qabrovo Bolqarıstanın yumor paytaxtı sayılır. Qabrovolular isə adətən hər şeydə qənaət etməyə çalışan xəsis lətifə personajları kimi təqdim olunurlar.
Tərcümə: Selcan
Sfera.az