TAP Cənub Qaz Dəhlizinin tamamlanması qaz ixracını artıracaq - TƏHLİL

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşaasının tamamlanması və onunla qaz nəqlinə başlanılması 2020-ci ilin önəmli iqtisadi hadisələrindən biridir. TAP Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsidir və o, Türkiyədən İtaliyaya qədər uzanır.
Sfera.az bildirir ki, Cənub Qaz Dəhlizi layihəsi 3 hissədən ibarət olub, özündə Cənub Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum), TANAP (Türkiyə) və TAP-ı birləşdirir. Bakı-Tbilisi-Ərzurum kəməri əvvəllər mövcud olub və sonralar ötürücülük qabiliyyəti artırılıb. TANAP 2018-ci ildən istifadəyə verilib və Azərbaycan qazını Türkiyənin şərq, mərkəz və qərb hissəsinə çatdırır. 2020-ci ilin oktyabrında TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin inşaası tamamlandı və Azərbaycan qazının Avropanın 3 ölkəsinə - Yunanıstan, Albaniya və İtaliyaya nəqli imkanı yarandı. Artıq dekabrdan başlayaraq Azərbaycan Avropaya qaz satır.
2021-ci ildə ölkəmizdən Avropaya qaz ixracı artacaq və tədricən illik 10 milyard kub metrə yüksələcək. Türkiyəyə ixrac göstəricisi də nəzərə alınarsa, ölkəmiz Cənub Qaz Dəhlizi layihəsi ilə 26-30 milyard kub metr qaz ixrac edəcək.
TAP-ın nəzərdə tutulduğu kimi 2020-ci ildə tam istismara verilməsi Azərbaycanın Avropanın qaz bazarında mövqeyini gücləndirəcək. Avropada yeni ekoloji standartların qəbul edilməsi bu regionun təbii qaza olan ehtiyacını artırır. Proqnozlara əsasən gələcəkdə avropalılar il ərzində 250 milyard kub metr qazı kənardan alacaq ki, bunun da bir hissəsi Azərbaycanın payına düşəcək. Azərbaycanın Avropanın qaz bazarında önəmini artıran digər cəhət onun Rusiyadan kənar mənbə olmasıdır. Avropanın uzun müddətdir ki, qaz idxalında Rusiyadan böyük asılılığı var. Azərbaycan bu asılılığın azaldılmasına töhfə verəcək və bununla da Azərbaycanın qaz satışı bazarında mövqeyi möhkəmlənəcək.
TAP-ın işə düşməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsinə də töhfə verir. Gələcəkdə Türkmənistan qazının Azərbaycandan keçməklə Avropaya çatdırılması məsələsi də var. Texniki baxımdan TAP kəmərinin ötürücülüyünü artırmaqla türkmən qazını da ixrac etmək imkanı var. Lakin bunun üçün Transxəzər qaz kəmərinin çəkilməsi lazım gələcək. Avropalı ekspertlər deyir ki, TAP-ın işə düşməsindən sonra Türkmən qazının Rusiyadan yan keçməklə Avropaya nəqli məsələsi bir qədər də aktuallaşacaq.
Avropaya qaz ixracının gəlirlərin artırılması baxımından da böyük imkanları var. Avropa imkanlı müştəri kimi tanınır və bu region ölkələri ilə razılaşmalarda qiymətlər həmişə yüksək olur. Bu mənada Avropaya qaz ixracının artması ölkəmizin ixrac gəlirlərinin yüksəlməsinə şərait yaradacaq.
Cənub Qaz Dəhlizi layihəsinin işə düşməsi energetika sahəsinin şaxələndirilməsinə, neftdən əlavə, zəngin qaz ehtiyatlarından əlavə gəlirlər əldə edilməsinə şərait yaradacaq.
2018-ci ildən TANAP-ın işə düşməsi ilə ümumi ixracımızda qaz satışından gəlirlərin artması müşahidə edilir. Həmin ildə ölkəmiz 8 milyard kub metr qaz satıb və satılan məhsulun dəyəri 1,5 milyard dollar olub. Qaz ixracı cəmi ixracımızın 7,7 faizini təşkil edib.
2019-cu ildə qaz ixracımız 12,5 milyard kub metr, dəyəri 2,366 milyard dollar, ixracda payı isə 12 faiz olub.
2020-ci ilin 11 ayının nəticələrinə əsasən qaz ixracımız 12,3 milyard kub metr, ixracın dəyəri 2,178 milyard dollar, ixracda payı 16,7 faiz təşkil edib. Proqnoza görə ilin sonunda qaz ixracımız 13,5 milyard kub metr, ixracın dəyəri 2,4 milyard dollar olacaq.
TAP-ın işə düşməsi ilə gələn ildən ölkəmizdən qaz ixracı yenidən artacaq. Bu il 37 milyard kub metr qaz istehsalı gözlənildiyi halda 2021-ci ildə 40,1 milyard kub metr, 2022-ci ildə 44,4 milyard kub metr, 2023-cü ildə 47,9 milyard kub metr qaz istehsal ediləcəyi ehtimal olunur.
Qaz istehsalının və ixracının artması məhz Cənub Qaz Dəhlizinin işə düşməsi syəsində mümkün olacaq.
Vasif
Sfera.az