Gəncədə çay evini partlatdılar: Ölənlər var – YENİLƏNİB

Gəncədə çay evini partlatdılar: Ölənlər var – YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Gəncə şəhərində baş verən qumbara partlayışı ilə bağlı açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, mayın 5-də saat 03 radələrində Gəncənin E.Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman və Sərxan, qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyevlə həmyerliləri Ramiz Quliyev və onun dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib.

Bu zaman M.Əhmədov özü ilə gətirdiyi "F-1” tipli əl qumbarasından istifadə edərək partlayış törədib, nəticədə özü və T.Əhmədov hadisə yerində ölüb, Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğunun, Kəpəz RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan Yalçın Quliyev saxlanılıb, Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

10:23

Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki "F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. 

M.Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir. 

Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanıb.

09:13

Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib. 

 APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində qeydə alınıb. 

Çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb. 

Hadisə zamanı iki nəfər  ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR