Son 30 ildə Dağlıq Qarabağda erməni əhalisinin sayı azalıb
Sosial Tədqiqatlar Mərkəzi (STM) “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabat yayıb.
Avtosfer.az xəbər verir ki, hesabatı dekabrın 22-də mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc təqdim edib.
“10 noyabr 2020-ci il tarixində 3 dövlət-Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan birgə Bəyanatın 7-ci maddəsi Dağlıq Qarabağ regionuna məcburi köçkünlərin dönüşü ilə bağlı məsələləri tənzimləyir. Sənəddə deyilir: “daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.
Ötən qısa müddət ərzində razılaşmanın sözügedən müddəasının həyata keçirilməsi məqsədilə beynəlxalq humanitar missiyanın təşkil olunması haqqında məlumatın olmamasına baxmayaraq, 44 gün davam edən müharibə zamanı münaqişə zonasını tərk etmiş ermənilərin geri qayıtmasına dair müxtəlif mənbələr tərəfindən fərqli rəqəmlər səsləndirilir.İlk növbədə, tərəflərin razılığı ilə regionda yerləşdirilən Rusiya Sülhməramlı Qüvvələrinin fəaliyyəti ilə bağlı yaradılmış informasiya resursunda gündəlik icmallar bölməsində 18 dekabr tarixinə olan məlumata görə 41275 minədək şəxsin Xankəndi və ətraf ərazilərə qaytarıldığından bəhs edilir. Lakin haqlı olaraq, sual meydana çıxır-Dağlıq Qarabağda işğala qədər və sonra yaşayan əhalinin demoqrafik, sosial və etnik-milli tərkibinin dinamikası necə dəyişib?
30 il əvvəl Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoyan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti, bölgənin erməni əhalisinə qarşı da demoqrafik soyqırımla nəticələnib. Ermənistanda demoqrafik çöküşün yaşanması BMT səviyyəsində bəyan edilib. BMT-nin hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir.
Sovet dövründə Azərbaycan və Ermənistan əhalisi bənzər templərlə artsa da, 1993-cü ildən bəri vəziyyət dəyişib. Azərbaycan əhalisi hər il 1-2,5% artmağa davam edərkən, Ermənistan əhalisi separatçı rejim dövründə, 1993-1995-ci illərdən başlayaraq hər il 3% azalan dinamika üzrə davam edib, demoqrafik disbalans artıb, gənclərin sayı sürətlə azalmağa başlayıb. 1993-cü ildə Ermənistan və DQR əhalisi 3.6 milyon (Azərbaycanda 7.44 milyon), 2000-ci ildə 3.37 milyon(Azərbaycan-8 milyon), 2014-cü ildə 3.15 milyon (Azərbaycan-9.5 milyon) olub. BMT-nin hesablamarına görə vəziyyətin bu cür davam etməsi halında Ermənistan əhalisinin 2030-cu ildə 3 milyona, 2100-cü ildə 1 milyona düşəcəyi proqnozlaşdırılır. Demoqrafik problemlərlə bağlı müzakirələrdə bəzi tədqiqatçılar, erməni əhalisinin sayının davamlı azalmasının başlıca səbəbini Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, xaricə miqrasiyanın səbəbini gec-tez hərbi əməliyyatların baş verəcəyindən qorxusu ilə əlaqələndirib.
Sovet siyahıya alınmasında Qarabağ bölgəsində 1979-cu ildə-ümumi əhali 162,200 nəfər olub, onun 123 100 nəfəri ermənilər (75,9%), 37,300 nəfəri azərbaycanlılar (22,9%) təşkil edib. Sonrakı etnik təmizlənmə və mühacirət nəticəsində bölgənin erməni əhalisi azalıb, etnik baxımdan homogenləşib və rəsmən elan etdikləri 150.000 əhalinin yüzdə 100 faizi ermənidir.
Son 30 ildə Qarabağda əhali sayının dinamikası ilə bağlı yazılan yeganə tədqiqatın erməni müəllifi deyir: "DQR-də demoqrafik problemlərin və əhalinin məskunlaşması ilə bağlı məsələlər öyrənilməyib. Yaşayış məntəqələrinin vəziyyəti qiymətləndirilməyib. Məskunlaşma proseslərinin tendensiyaları müəyyən edilməyib. Halbuki, erməni əhalisinin azalmasının qarşısını almaq üçün bu çox vacibdir. (Сероб Суджян. Демографическая cитуация В Нагорно-Карабахской Республике «21-й ВЕК», № 1 (13), 2010г.)
Digər erməni müəllifin demoqrafik kollapsla bağlı gəldiyi qənaət isə belədir: “Əhali artımının dayanmasının əsas səbəbləri bunlardır: müharibədə itkilər, intensiv mühacirət, aşağı doğum və çox yüksək ölüm nisbəti. Bu gün demoqrafik dinamikanın aşağı göstəriciləri nəticəsində əhali dinamikası son dərəcə pis istiqamətlənib. Əhalinin müharibədən əvvəlki (yəni Azərbaycan dövlət siyasəti zamanındakı-red.) səviyyəyə nə vaxt çatacağını proqnozlaşdırmaq qeyri-mümkündür.”(Сероб Суджян. Демографическая cитуация В Нагорно-Карабахской Республике «21-й ВЕК», № 1 (13), 2010г).
Rusiyalı müəllifin yazdığına görə, sitat: “Bölgə və Ermənistan rəhbərliyi Qarabağ əhalisinin 50 min nəfərdən çox azalmasının qarşısını ala bilməyib. Bu dəhşətli rəqəm sayılmalıdır və Qarabağın Azərbaycan daxilində Böyük Vətən müharibəsi illərində cəbhədə verdiyi böyük itkilərlə müqayisə edilə bilər. Rusiyalı müəllif davam edərək yazır ki, DQR-də 2005-ci ildə aparılmış siyahıyaalma, bölgədəki erməni əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb, əksinə, 145 mindən 137 min nəfərə düşüb. Nəinki Azərbaycan əhalisi tamamilə qovulub, əlavə olaraq, rus əhalinin sayında da kəskin azalma qeydə alınıb. Qarabağda yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər qalıb. (Этнодемографические процессы в Нагорном Карабахе: история и современность 28.Янв.2014.)
Beləliklə, Qarabağda 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qalması ilə Ermənistan işğalçı rəhbərliyi tərəfindən son 30 ildə Qarabağın erməni əhalisinə münasibətdə həyata keçirilən “demoqrafik mina” artıq işə düşüb və hazırda dövlətimizin apardığı azadlıq müharibəsi onun istənilən məqam partlamaması üçün bölgənin erməni icmasının qurtuluş yolu kimi çıxış edir.
Qeyd edilənlər baxımından əhali sayının göstərildiyi istənilən mənbələrə nəzər salmaq lazım gəlir. Məs. 1991-ci ildə qondarma “müstəqillik” səsverməsində 108. 615 nəfər seçici səs verib. 2017-ci ildə səs vermək hüququ olan şəxslərin sayı 103.818 nəfər olub. 2020-ci il qondarma prezident seçici siyahısında isə 76.728 nəfərin adı olub. Bu onu göstərir ki, hətta qondarma qurumun rəsmiləri tərəfindən elan olunan rəqəmlər də əhali artımının tənəzzülünü təsəvvür etməyə imkan verir. Yəni 30 il ərzində səsvermə hüququ olanların sayı nəinki artıb, əksinə 108 mindən 103 minə enib.
Qarabağda 30 illik işğalın demoqrafik nəticəsi Ermənistanın işğalçılıq siyasətində daha bir cinayətin-demoqrafik cinayətin tam sübutuna çevrilib. Bölgədə etnik müxtəlifliyin məhv edilməsi, əhali artımının çökməsi, münaqişənin həllində maraqlı olmaması ilə Ermənistanın işğalçı rəhbərliyi Qarabağda erməni xalqını “demoqrafik soyqırıma” uğradıb. Ermənistanın etnik təmizləmə siyasəti yalnız Azərbaycan əhalisinin deyil, həm də Qarabağın erməni icmasının bölgədən tədricən yox olmasının başlanğıcını qoyub. Vəziyyəti düzəltmək məqsədilə Dağlıq Qarabağ və ətraf rayonlara Ermənistandan (94%), Rusiyadan (4.2%) qanunsuz köçürmələr edilsə də demoqrafik vəziyyət bərpa olunmayıb.
Həmçinin bu dövr ərzində qondarma rejim tərəfindən 30 minədək erməni qaçqının məskunlaşdırılmasına, Zəngilanda İraq ermənilərinin, Cəbrayılda İraq/Suriya ermənilərinin yerləşdirilməsinə 1 milyon dollara yaxın vəsait ayrılmasına baxmayaraq, öz doğma torpaqlarından qovulan soydaşlarımızın nə fəaliyyətini kompensasiya etmək, nə də erməni icmasının “nəslinin tədrici yoxa çıxmasının” qarşısını almaq mümkün olmayıb. Bu bir mənalıdır ki, Ermənistan əhalisi həm davam edən miqrasiya, həm də artım tempinin demək olar durduğu şəraitdə davamlı olaraq azalır. Bunlar öz növbəsində Azərbaycanın Qarabağın azadlığı uğrunda müharibəsinin həm də, bölgənin demoqrafik qurtuluşuna xidmət etməsini, 1 milyona yaxın qaçqın və məcburi köçkün əhalinin öz doğma torpaqlarına qaytarılmasının təxirə salınmaz məsələ olmasını göstərir.
Qeyd edək ki, Qarabağda məskunlaşdırılan ermənilərin yaşadığı demoqrafik böhrana baxmayaraq, separatçı rejim tərəfindən doğma torpaqlarından məcburi köçkün düşmüş azərbaycanlıların sayında son 30 il ərzində 40%-ə yaxın demoqrafik artım olub", - hesabatda vurğulanıb.