“Bakıdakı universitetlər Qarabağa köçürülsün...” – Təhsil ekspertindən təklif
"Əhalinin daha sürətli məskunlaşmasına nail olmaq üçün Qarabağ bölgəsində yeni ali təhsil müəssisələri açılmalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında işğaldan azad olunmuş torpaqlarda ali məktəblərin yaradılması vacibliyinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib:
"Bakıdakı bəzi universitetlər ora köçürülməli, yaxud da həmin universitetlərin filialları Qarabağda açılmalıdır. Həmçinin Bakıdakı ali təhsil müəssisələrin plan yerləri azaldılmalı və həmin bölgədə açılacaq universitetlərə daha çox plan yeri verilməlidir. Bunlar baş verərsə, daha çox tələbə və müəllim heyəti ora gedəcək. Həmin proses də öz növbəsində məskunlaşmaya ciddi təsir göstərəcək”.
Həmsöhbətimizə görə, işğaldan azad edilmiş ərazilərimizdə müdafiənin təmini və hüquq-mühafizə sistemi üzrə kadrlar yetişdirən ali məktəblərin açılması daha önəmlidir:
"Burada Polis Akademiyasının, hərbi məktəblərin açılmasına ciddi ehtiyac var. Dövlət Təhlükəsizlik Xidməti, Sərhəd Xidməti, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin akademiyaları yaradılmalıdır. Habelə aqrar sektorun bərpası üçün kənd təsərrüfatı ixtisası üzrə kadr hazırlayan ali məktəblər də olmalıdır. Eyni zamanda, hüquq ixtisası üzrə kadr yetişdirən müəssisələr açıqlmalıdır. Yəni, bu ərazilərdə daha çox hüquq-mühafizə üzrə kadrlrın yetişdirilməsinə diqqət yetirməliyik ki, keçən əsrin sonlarına doğru baş verən hadisələrlə bir daha üzləşməyək”.
Elçin
Sfera.az