"Baydenin asan qələbəsini proqnozlaşdıranlar yenə yanıldılar" - Politoloq

10:58 / 04.11.2020
2640
"ABŞ seçkiləri məhkəmədə bitə bilər".
Sfera.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.
Onun sözlərinə görə, hazırda seçkinin taleyi 3 ştatda - Pensilvaniya, Viskonsin və Miçiqanda düyünlənib:
"Hər üçündə Tramp öndə gedir. Amma 3 noyabrdan əvvəl poçtla verilmiş səslərin əksəriyyəti hələ sistemə daxil edilməyib.
Məlumdur ki, demokratların mütləq əksəriyyəti 3 noyabrı gözləmədən poçtla səs verib. Tam əksinə, respublikaçıların böyük qismi isə məhz seçki günü, məntəqələrdə, fiziki olaraq səs verib. Təsəvvür edin ki, poçtla göndərilmiş konvertlərin bir qismi hələ yoldadır, ünvana çatmayıb. İndi Tramp deyir ki, bu, fırıldaqdır, seçki bitdikdən sonra yetişən məktub-bülletenlər qəbul edilməməlidir.
Şəxsi düşüncəmə görə, seçki günündən əvvəl məktubla səs vermək qaydası doğru deyil. Bütün ölkə üçün vahid seçki günü müəyyənləşdirilsə və vahid seçki qanunvericiliyi olsa, daha yaxşıdır. Amma ABŞ-ın unikal federal sistemi (hər ştatın fərqli qanunları və qaydaları var), Konstitusiya dəyişikliyi prosedurunun çox mürəkkəb olması (bunun üçün ştatların dörddə üçünün razılığı tələb olunur), ənənələrə və presedentlərə əsaslanan anqlo-sakson kültürü arxaik qayda-qanunların dəyişdirilməsinə və modernləşdirilməsinə imkan vermir".
Politoloq bildirir ki, seçkilərin nəticələri Baydenin asan qələbəsini proqnozlaşdıran sorğu şirkətlərinin 2016-cı ildə olduğu kimi, yenə yanıldığını göstərir:
"Trampın qələbə şansı real görünür. Demokratların kritik ştat olan Floridada növbəti məğlubiyyəti onlara ağır zərbə oldu. Bu ştatda Kuba mühacirləri başda olmaqla, ciddi latınamerikan mənşəli (hispanic) kütlə var. Bu təbəqə Kuba rejiminə qarşı təzyiq siyasətinin və orda rejim dəyişikliyinin tərəfdarıdır. Respublikaçılar onların bu gözləntilərinə daha uyğun siyasət yeritdiyi halda, demokratlar Obama dövründə Kubaya münasibətdə yumşalma siyasəti aparırdı və Bayden həmin vaxt ikinci adam idi".
"Sonda qeyd edim ki, az da olsa, yarışın bərabərə (269-269) bitməsi ehtimalı da var. Bu halda prezidenti Konqresin Nümayəndələr Palatası seçir", - deyə Ş.Cəfərli qeyd edib.
Aysel
Sfera.az