Tanınmış muğam ifaçısı əsgərlərə söz verdi: “Şuşada sizə...”

Tanınmış muğam ifaçısı əsgərlərə söz verdi: “Şuşada sizə...”

Son günlər cəbhədə yaşananlara hər bir azərbaycanlı kimi, ölkənin məşhur sənət adamları da biganə qalmırlar.


"Necə gözəl günlər yaşayırıq. Sanki həyat tərzimiz dəyişib”.


Bu sözləri Sfera.az-a Xalq artisti, muğam ifaçısı Aygün Bayramova danışarkən söyləyib:




"İndi bütün Azərbaycanın ürəyi Qarabağda döyünür. Ölkədə o qədər gözəl əhval-ruhiyyə var ki, bunları gördükcə insanın könlü açılır. Hazırda bizim yüzlərlə ürəkli oğlanlarımız var ki, hamısı ön cəbhədə vuruşur. O qədər əzmlə vuruşurlar, belə əsgərlərimizi görəndə yaxşı mənada kövrəlirəm. Ona görə ki, içlərindəki o vətən sevgisi hərəkətlərinə də siraət edir. Ardıcıl olaraq bizə qələbə sevincini yaşadırlar ”.


"İnanın Allaha alınan hər bir kənd elə bilirəm ki, doğulduğum Ağdam torpağıdır. Bir Allah şahiddir ki, azad olunan ərazilərimizin adı açıqlananda sevincimdən ağlayıram. Ağdam işğaldan azad olunanda təsəvvür edə bilmirəm ki, mən hansı hissləri keçirəcəm. Bir onu bilirəm ki, bu günlərə çox az qalıb” - deyə Aygün Bayramova qeyd edib.



Xalq artisti, xanəndə Mənsum İbrahimov isə əsgərləri qürur yeri adlandırıb: "Hər bir əsgər bilməlidir ki, onlar bizim qürur yerimizdir. Bütün Azərbaycan xalqı sizin arxanızdadır, sizə dua edir. Allahdan onlara cansağlığı arzulayıram, o gün olsun, tez bir zamanda bizlərə qələbə xəbərlərini çatdırsınlar. Tanrı ordumuzu müzəffər etsin ki, tezliklə düşmənləri torpaqlardan qovub-çıxarmağa nail olsunlar”.


Mənsum İbrahimov əsgərlərə söz verməyi də unutmadı: "Əsgərlərimizə söz verirəm ki, zəfər bayramında Şuşada "Qarabağ şikəstəsi”- ni ifa edəcəm. Bu mənim ən böyük arzularımdan biridir. İnanıram ki, o gözəl günlər bu yaxınlarda bizi gözləyir ”.


Jalə Mehdi

Sfera.az


OXŞAR XƏBƏRLƏR