“Pompeo ikibaşlı danışıb…” - Politoloqdan ABŞ dövlət katibinin açıqlamasına reaksiya

“Pompeo ikibaşlı danışıb…” - Politoloqdan ABŞ dövlət katibinin açıqlamasına reaksiya

"Pompeonun dediklərinə ciddi önəm verməyə ehtiyac yoxdur”.


Sfera.az-a açıqlamasında bu sözləri ABŞ dövlət katibi Mayk Pompeonun Dağlıq Qarabağla bağlı tərəfsizliyi pozaraq, "WBC” radiosuna müsahibəsində Ermənistanın Azərbaycana qarşı özünü müdafiə edə biləcəyinə ümid etdiklərini deməklə, İrəvana dəstək ifadə etməsini şərh edərkən politoloq Natiq Miri deyib:


"ABŞ ATƏT-in Minsk Qrupu həmsədr dövlətləri sırasında Qarabağda başlanan son proseslərə az müdaxilə edən ölkədir. Onun bu istiqamətdə praktik olaraq hər hansı fəaliyyəti görünmür. Yalnız sözdə bəzi fikirlər səsləndirirlər ki, bu fikirlərdə də hansısa birmənalı mövqe sərgilədiyini görmək mümkün deyil.

 

ABŞ dövlət katibi Pompeo Ermənistanın Azərbaycana qarşı özünü müdafiə edə biləcəyinə ümid etdiyini deməklə yanaşı, İrəvanı həm də təxribat hücumlarından çəkinməyə çağırıb. Pompeo bununla dolayısı ilə Gəncədə və digər ərazilərimizdə mülki şəxslərə yönəlik insanlıq əleyhinə cinayətlərin Ermənistan tərəfindən törətdildiyini də etiraf edib. Bu həm də başlanan hərbi əməliyyatların əsas səbəbkarı qismində Ermənistanı görmək anlamına gəlir”.

 

Politoloqa görə Pompeonun bu açıqlamasında ikibaşlı fikirlər var: "Ancaq hər bir halda Paris və Moskvadan fərqli olaraq ABŞ-ın başı daha çox özünə, seçkilərə qarışıb. Ona görə Pompeonun bu dediklərinə o qədər də ciddi önəm verməyə ehtiyac yoxdur.

 

Minsk Qrupu bu illər ərzində münaqişənin həlli istiqamətində real addımlar atmayıb. Bu səbəbdən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri uğurlu hərbi yolla özü icra etməyə başlayıb. Bundan sonrakı proseslərdə hər hansı formatın problemi çözməsinə ehtiyac qalmayacaq. Bu gün proseslə bağlı Fransa, Rusiya, yaxud ABŞ-ın nə deməsi o qədər də önəmli deyil”.


 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR