Qarabağa hansı dövlətin sülhməramlıları gələ bilər? - RƏYLƏR

Qarabağa hansı dövlətin sülhməramlıları gələ bilər? - RƏYLƏR

"Əvvəl torpaqlarımız azad edilməlidir. Sonra sülhməramlılar məsələsinə baxmaq olar. Ona da ancaq Azərbaycan razlılıq versə”.


Sfera.az-a açıqlamasında bu sözləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi gündəmə gələrsə, hansı dövlətlərin bu prosesdə iştirakının daha məqbul olduğu sualını cavablandırarkən ASDP sədri Araz Əlizadə deyib:



"Hər halda sülhməramlılar qismində Fransa olmamalıdır. ABŞ-ı da bu siyahıya aid edərdim.Fikrimcə, Qarabağ münaqişəsinin həlli prosesində sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi gündəmə gəlsə, bu rolda ancaq iki dövlət - Türkiyə və Rusiya iştirak etməlidir. Hansısa bitərəf ölkələr isə çətin ki, bura sülhməramlılar göndərməkdə maraqlı olsun”.


"Silahsız, ancaq monitorinq aparan və 5 il müddətinə gələn, prosesdə maraqlı olmayan qüvvələr cəlb edilməlidir”.



Bu fikirlər politoloq Fərhad Mehdiyev məxsusdur: "ATƏT-in hər hansı bir ölkəsi burada sülhməramlı qüvvə qismində iştirak edə bilər. Amma münaqişədə maraqlı olmayan ölkələrin bu prosesdə iştirakı daha məqbuldur. Lakin onu da qeyd edim ki, müharibənin gedişində ümumiyyətlə sülhməramlılar mövzusu kənara qoyula da bilər.

 

Gözlənilən odur ki, Azərbaycan Ordusu qələbə çalacaq və düşmən işğal etdiyi torpaqlarımızı tərk etdikdən sonra bu məsələyə ehtiyac qalmayacaq. Bu səbəbdən sülhməramlılar olmasa daha yaxşıdır. Ancaq sülh müqaviləsinin başlanması üçün sülhməramlıların olması şərti irəli sürülsə, onda silahsız, ancaq monitorinq aparan, özü də müəyyən müddətə, məsələn 5 illik müddətə həmin qüvvələrin gəlməsini qəbul etmək olar”.


"Bu mövzunu müzakirə etməyə lüzum və əsas yoxdur”



Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib:


"İndiki halda bu mövzunu gündəmə gətirmək Azərbaycanın milli maraqları və strateji xəttinə uyğun deyil. Bu doğru yanaşma deyil. Hazırda cəbhədə döyüşlər gedir, Azərbayan ərazisini işğalçıdan, terrorçulardan təmizləyir. Azərbaycan özü öz problemini həll edir. Belə olan şəraitdə sülhməramlıya ehtiyac yoxdur. Bu məsələnin ictimailləşməsinin əleyhinəyəm”.

 

 

"ATƏT-in mandatına əsasən olmalıdır və istərdik ki, burada Türkiyə də iştirak etsin”



Bu fikri isə ReAL hərəkatının icra katibi Natiq Cəfərli söyləyib: "Sülhməramlılarla bağlı iki məsələ həllini tapmalıdır. Birincisi, loqistika ilə, yəni onların harda yerləşdirilməsilə bağlı məsələdir. Fikrimcə, Dağlıq Qarabağ ərazisində sülhməramlıların yerləşdirilməsi doğru deyil.

 

Sülhməramlılar gələcəkdə ərazi bütövlüyümüzün bərpasından sonra Azərbaycanla Ermənistan arasında münaqişənin alovlanmaması üçün sərhəd bölgəsində yerləşdirilə bilər. Bu da ATƏT-in mandatına əsasən olmalıdır. Çox istərdik ki, burada Türkiyə də iştirak etsin”.


ADP sədri Sərdar Cəlaloğlu düşünür ki, sülhməramlı qüvvələrin gəlməsinə ehtiyac yoxdur:

 

 

"Azərbaycab özünün bütün vətəndaşlarının təhlükəsizliyini təmin etmək gücünə malikdir. Ermənilər Azərbaycanda yaşamaq istəyəcəksə, onun bütün məsuliyyətini dövlətimiz öz üzərinə götürə bilər. Sülhməramlı qüvvələrin acı təcrübəsini Afrikada, Bosniyada gördük.

 

BMT-nin mavi dəbilqəsi rolunda çıxış edən Hollandiya sülhməramlılarının kənara çəkilməsilə 200 min bosnak öldürüldü. Heç bir xarici dövlətin sülhməramlı adı ilə qüvvələri ölkəmizin ərazisində yerləşdirilə bilməz. Azərbaycan qətiyyən bu bəndə razı ola bilməz”.


"Sülhməramlı qüvvələrin missiyasını sülhməramlı Azərbaycan xalqı yerinə yetirəcək”



Bu fikirləri sayta açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib:

 

"Əslində Azərbaycan xalqı elə sülhməramlı xalqdır. Erməni silahlı birləşmələri ərazilərimizdən geri çəkilərsə, Qarabağda əvvəllər yaşayan ermənilər Azərbaycanın suverenliyini, Konstitusiyasını tanımaqla Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, heç bir sülhməramlı qüvvələrə ehtiyacımız yoxdur. Sülhməramlı qüvvələrin missiyasını sülhməramlı Azərbaycan xalqı yerinə yetirəcək”.


 

Elçin


OXŞAR XƏBƏRLƏR