Ermənistan iqtisadiyyatı “yırtıq hovuz” sindromu keçirir – Düşmən itkiləri rəqəmlərdə...

Oktyabrın 13-də Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev Ermənistan ordusunun itkiləri ilə bağlı məlumat açıqlayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan ordusunun itirdiyi hərbi texnika və silahın dəyəri 1-2 milyard dollardır.
İlham Əliyev bu qədər itkinin Ermənistana böyük zərər vurduğunu və onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatı bir qədər də pisləşdirəcəyini deyib:
"Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır.Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika?”
Sfera.az Müdafiə Nazirliyinin açıqladığı məlumatlara istinadən bildirir ki, döyüşlər başladığı dövrdə düşmən tərəf 300-dək tank və digər zirehli texnika, 320-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 95-dək hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 10 silah-sursat anbarı, 250-dək hərbi təyinatlı avtomobil texnikası, 2 ədəd "S-300” zenit-raket kompleksi, 3 ədəd balistik raket kompleksi itirib. Bu itkilərin ümumi dəyəri 2 milyard dollara yaxındır.
Yaranmış vəziyyətdə Ermənistan dövlət büdcəsi zəruri xərcləri ödəmək qabiliyyətini sürətlə itirir. Artıq dövlət xarici diplomatik xərcləri ödəyə bilmir və açıq şəkildə lobbidən, müttəfiq ölkələrdən yardım istəyir.
Ermənistanın başlatdığı müharibə səbəbindən üzləşdiyi iqtisadi çətinlikləri dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov qeyd etdi ki, bu ölkənin müharibə aparmaq qabiliyyəti tükənib. Onun fikrincə, təxminən 15 gündür davam edən hərbi əməliyyatlarda itirilən silah və texnikanın dəyəri 2 milyard dollara çatması Ermənistan üçün böyük problem yaradacaq: "Bu məbləğ Ermənistan üçün olduqca böyük məbləğdir. Çünki Ermənistanın dövlət büdcəsi 3,5 milyard dollar səviyyəsindədir və itkinin dəyəri büdcənin yarısından çoxdur. Ermənistanın illik hərbi xərclərinin 500-600 milyon dollar olduğunu nəzərə aldıqda isə məlum olur ki, düşmən müdafiə büdcəsindən 3 dəfədən də çox maddi itkiyə məruz qalıb.
Bu ölkə erməni lobbisinin və himayəçilərinin ayırdığı vəsait hesabına yaşayıb. İndi pandemiya şəraitində həmin mənbələrdən gələn yardımlar da yetərli deyil. Dünya erməniləri müharibə dövründə Ermənistana kömək etmək məqsədilə kampaniya təşkil edib və cəmi 100 milyon dollardan bir qədər artıq vəsait toplaya bilib. Bu vəsaitlə itkiləri kompensasiya etmək qeyri-mümkündür.
İndiki qlobal iqtisadi vəziyyət də Ermənistan üçün əlverişli deyil. Həm ABŞ-da, həm Fransada, həm də Rusiyada iqtisadi vəziyyət pisdir. Qlobal iqtisadi sistem pozulub, ticarət zəifləyib. Ölkələrin gəlirləri azaldığı halda onların xərcləri artır. Belə olan halda həm dövlətlər, həm də imkanlı şəxslər öz sərbəst vəsaitlərini qorumağa çalışır. O cümlədən erməni lobbisinin güclü, imkanlı şəxsləri də vəsait xərcləməyə ehtiyat edir, onlar özlərini qoruyur.
Ekspert bildirdi ki, mövcud vəziyyət nəzərə alınarsa, dəyən zərərə görə Ermənistan iqtisadiyyatının ortamüddətli dördə bərpası çox çətin olacaq:
"Ermənistan hakimiyyəti iqtisadi cəhətdən öz xalqına qarşı soyqırımına başlayıb. Ermənistan 2020-ci ildə yaranan problemdən bir ilə, iki ilə xilas ola bilməyəcək. Hökumət ölkəni tamamilə defolt vəziyyətinə gətirib çıxaracaq, makroiqtisadiyyat çökəcək.
Ermənistanın yeganə gəlir mənbəyi xidmət və turizm sektorudur. Pandemiyanın təsiri ilə bu sahələrdən gəlir əldə etmək də mümkün olmadığından vəziyyət acınacalı hal alıb.
Hazırda Ermənistanın iqtisadiyyatı "yırtıq hovuz” sindromu keçirir. Bu sindromda nə qədər vəsait xərcləsən də həmin vəsait itib-batır, fayda vermir. Bunu yardım edən qüvvələr də dərk edir.
Ermənistan iqtisadiyyatı müharibənin və pandemiyanın yaratdığı ağır yükü daşımaq iqtisadıra sahib deyil və qısa müddətdə biz bunu görəcəyik. 2020-ci ilin dördüncü rübündə Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti üzə çıxacaq. Məlum olacaq ki, iqtisadiyyat iflis olub”.
Vasif
Sfera.az