Qarabağlı sənətçilər Qarabağda gerçəkləşdirmək istədikləri layihələrdən DANIŞDI

Qarabağın adı çəkiləndə hər kəsin içində o torpaqlara yenidən qayıtmaq istəyi alovlanır.
Bəs maraqlıdır, görəsən qarabağlı məşhurların o torpaqlar işğaldan azad olunan zaman gerçəkləşdirmək istədiyi arzuları nələrdir?
Sfera.az bununla bağlı məşhurlar arasında sorğu keçirib.
Xalq artisti Firəngiz Mütəllimova Cıdır düzündə "Qarabağnamə” tamaşasında oynamaq istəyir:
"Təbii ki, ilk arzum o olardı ki, doğma Şuşama tez bir zamanda ayaq basım. Düzdür, indi dədə-baba yurdumuzdan əsər-əlamət qalmayıb, ancaq istərdim ki, evimizi bərpa etdirim. O evdə mənim uşaqlıq xatirələrim var. Məhləmizdə yorulana qədər gəzmək istərdim. 30 ilə yaxındır ki, Akademik Milli Dram Teatrında "Qarabağnamə” tamaşasını oynayırıq.
Ən böyük arzumdur ki, bu tamaşanı açıq havada Cıdır düzündə oynayım. Bir də, mən Şuşada olanda çox gənc idim, o zaman Natəvanın monoloqunu söyləmişəm. İndi istərdim ki, Şuşada Firəngiz Mütəllimova olaraq içimdən gələn bir monoloqu söyləyim. Hansı monoloq olacaq, onu bilmirəm, əsas odur onu yüksək səslə səsləndirəcəm”.
Tanınmış müğənni Tacir Şahmalıoğlu işğaldan sonra yenidən "Qarabağ bülbülləri” ansamblını yaratmaq istəyir:
"İlk edəcəyim iş təbii ki, Ağdamda dədə-baba yurdumda böyük bir ev tikdirmək olacaq. Ömrümün qalan hissəsini öz torpağımda keçirmək istəyirəm. Layihə olaraq isə gerçəkləşdirmək istədiyim, yenidən "Qarabağ bülbülləri” adlı bir ansambıl təşkil etmək olacaq”.
Müğənni işğal müddətində əvvəlki qarabağlı istedadların yetişməməsindən də gileylənib:
"Bir məsələni də qeyd edim, Qarabağ işğal olunandan bəri, hələ də insanı titərədəcək bir səs yetişməyib. Düzdür səslər çoxdur, hər kəsə də hörmətim var. Ancaq özəl səs yoxdur. Təvazökarlıqdan uzaq olsa da, bir məsələni söyləyim ki, artıq 40 ilə yaxındır ki, mən Bayatı-Şirazı oxuyuram. Bu illər ərzində hələ elə özəl səsə rast gəlməmişəm. Mənə elə gəlir ki, bu cür səslərin yetişməsində Qarabağ torpağının havası-suyu çox önəmlidir. Çünki mümkün deyil ki, Qarabağlı olasan, amma səsin olmasın ”.
Müğənni İlahə Fəda isə Qarabağda Üzeyir Hacıbəyli üverturası dinlətmək niyyətindədir:
"İnanın, arzum o qədərdir ki, heç bilmirəm hansını söyləyim. Gedən kimi ilk olaraq torpağımı öpəcəm. Daha sonra Laçında ocaq qalayacam. Bəlkə də qəribə səslənir, ancaq bunu etmək ən böyük arzumdur. Təbii ki, biz sənət adamlarıyıq, işimiz mahnı oxumaqdır. Vətənpərvərlik ruhunda mahnılara daha çox yer ayıracam. Çünki bunu torpaq tələb edir. Bir də istərdim ki, Üzeyir Hacıbəylinin üverturasını hər kəsə dinlədim”.
Jalə Mehdi
Sfera.az