Baş Prokurorluqda ermənilərin törətdiyi təxribatlarla bağlı 12 cinayət işi başlanıb

Cəmiyyət
16:00 / 03.10.2020
2882
Baş Prokurorluqda erməni hərbçilərin törətdiyi təxribatlarla bağlı 12 cinayət işi başlanıb.
Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, cinayət işləri dinc əhalinin öldürülməsi, mülki şəxslərə qarşı təxribatlar törədilməsi ilə bağlıdır:
"Hazırda baş vermiş cinayət işləri üzrə istintaq aparılır. Naftalanda bir ailənin 5 üzvünün qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin 100 və 120-ci maddələri ilə cinayət işi başlanıb.
Ağdam rayonunda ermənilərin atəşi nəticəsində 1979-cu il təvəllüdlü rayon sakininin və 29 sentyabrda Qaradağlı kəndində 1 nəfərin öldürülməsi ilə bağlı da cinayət işləri başlanıb. 28 sentyabrda Tərtərdə məhkəmənin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Həmin gün Tərtərdə daha 3 nəfər həlak olub. Hadisə Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib.
29 sentyabrda Tərtərdə qadın qətlə yetirilib. Füzulinin Horadiz qəsəbəsində 1 nəfər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində isə 1 nəfər qətlə yetirilib. Sonuncu hadisə Ağdamda 1 oktyabrda baş verib.
Əhaliyə külli miqdarda ziyan dəyib. İstintaq orqanları dəymiş ziyanı müəyyənləşdirir".